Bu gün Asan Xidmətin yaranmasından 10 il ötür

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranmasından 10 il ötür.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Dövlət Agentliyi və onun tabeliyində ASAN Xidmət mərkəzləri yaradılıb.

“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər.

Xidmətlərin göstərilməsinə görə rüsumlar banklar vasitəsilə ödənilir ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın təminində önəmli pay sahibidir. Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar və tranzaksiyalar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr və korrupsiya halları tam aradan qaldırılır.

“ASAN xidmət”də yeni ideyalar və innovativ metodların tətbiqi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmağa xidmət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR