İkinci Qarabağ müharibəsindən sonra şücaət göstərən, işğal altında olan torpaqlarımızı yağı düşməndən xilas edən, bizə qələbə sevincini yaşadan qazilərimizin sağlamlığı, həyat şəraitinin yaxşılaşması yönündə ölkədə müxtəlif sosial yönümlü proqramlar həyata keçirilir. Onları tanımaq və cəmiyyət olaraq diqqətdən uzaq saxlamamaq isə hər birimizin vətəndaşlıq borcudur.

Belə igidlərimizdən biri də Rüstəmov Elməddin Rafael oğludur. Haqqında danışdığımız qazimiz Ağdaş rayonunda anadan olub. O, 2020-ci il sentyabrın 29 da orda sıralarına qoşularaq, İkinci Qarabağ müharibəsində iştirak edib. Əsasən Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun işğaldan azad olunmasına iştirak edən igidimiz həmin günləri belə xatırlayır:

“Müharibəyə dövlət mənə yardım etsin deyə getməmişdim...” -

“Döyüşdə olan zaman böyük ruh yüksəkliyi yaşayırdıq. 30 il həsrətində olduğumuz torpaqların işğaldan azad edilməsində şəxsən iştirak etmək bizi çox sevindirirdi. Döyüş yoldaşlarım kimi mən də içimdə olan qürur hissi ilə düşmənə hər zərbə anında onlardan tarixən necə güclü olduğumuzu sübut edirdik. Mənim o günlərdə yaşadığım hissləri, duyğularımı sözlə ifadə etmək çətindir. Yəqin ki, döyüş yoldaşlarım və müharibə iştirakçıları, demək istəyib amma söyləyə bilmədiklərimi daha yaxşı anlaya bilərlər”.

Söhbətimizin bu əsnasında Elməddin sanki müharibənin tən ortasındaymış kimi hiss edərək müsahibəsinə ara verdi...

Mən o anda onun simasında müharibənin alovundan çıxıb, sülh üçün susamış torpaqları düşmənin caynaqlarından xilas edib, üç rəngli bayrağımızı ana vətənin bağrına sancan igidin yurda, ana vətənə olan sevgisini gördüm. Hiss etdim ki, qəhrəmanımız ehtiyac yaranarsa yenidən o günlərə qayıdıb, dəfələrlə düşmənin gözünü oymağa hazır vəziyyətdə idi...

“Müharibədə hər saniyəmiz, hər addımımız ölüm ilə yan-yana idi. Amma bu bizi qətiyyən narahat etmirdi. Qubadlı uğrunda gedən döyüşlər zamanı iki kəndin azad olunması tapşırığını aldıq. Bizə məlumat verilmişdi ki, həmin kənddən düşmən tərəfdən canlı qüvvə və texnika gələ bilər. Həmin gün havada çox isti olduğu üçün o qədər də qalın geyinməmişdim. Amma kəndə çatdığımız zaman hava sərinlədi və mən qalın geyinmək üçün üzərimdə olan qoruyucu geyimləri və papağımı çıxarmalı oldum. Elə bu anda qəfil atışma başladı. Güllələr yağış kimi üzərimizə yağırdı. Bu zaman döyüş yoldaşım məni yerə yıxaraq atılan güllələrdən xilas etdi. Əgər o bunu etməsəydi mən yəqin ki, şəhadətə qovuşacaqdım. Mən hələ də qulaqlarımda yanımdan ötüb keçən minaatanların mərmisinin səsini, yerə düşən qəlpələrin cingiltisini duyuram. Onları unutmaq olmaz. Amma bunlar mənim dünyamda qorxu yaratmır. Yenə ehtyac olsa canla-başla vətənin keşiyində durmağa hazıram”.

“Müharibəyə dövlət mənə yardım etsin deyə getməmişdim...” -

Müharibə zamanında Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti əsnasında “Cəbrayıla yol çəkirdin, nə oldu Paşinyan?” açıqlamaları cəmiyyətimiz tərəfindən məşhurlaşdırılmış, hətta bu fikirlərə müxtəlif mahnılar belə düzüb-qoşulmuşdu. Elməddin də həmin vaxt Cəbrayıl rayonunun işğaldan azad olunması prosesində iştirak edirmiş. Günlərin birində Cəbrayılın azad olunması zamanı kəndlərin birinə qalxan zaman dostları həmin prosesi video ilə çəkərək xatirə kimi saxlamaq istəyiblər. Yol palçıqlı, meşənin içərisindən keçirmiş. Çətin hərəkət imkanı yaradan bu yoldan kəndə gedən zaman Elməddin “Paşinyan, nə oldu yol çəkirdin, nə gündədir yolun” deyə zarafat edir.

Bu anlar da videonun yaddaşına həkk olunur. Daha sonra sosial şəbəkələrdə məşhurlaşan həmin sözlərin bənnası Elməddin o günü belə xatırlayır:

”Cənab prezidentin “Cəbrayıla yol çəkirdin, nə oldu Paşinyan” sözləri bizim dilimizə düşmüşdü. Elə hansı döyüşə gedirdiksə “Nə oldu Paşinyan?”deyib zarafatlaşırdıq. Bir gün bizə məlumat verdilər ki, bizim üçün ərzaq gələcək. Həmin vaxt beş nəfər döyüş yoldaşımla Qubadlının Qantəpə adlanan ərazisinə ərzaq gətirməyə getdik. Elə videoda o zaman o yolda çəkilib. Bunu biz planlı şəkildə yox, təsadüfən çəkmişdik. Bu video 22 dəqiqəlik idi. Amma müharibədə olan zaman telefonum suya düşdü. Daha sonra çox az bir qisim videonu xilas edə bildim. Elə o 22 dəqiqəlik videodan da bu qısa anlar yadda qaldı”.

Qəhrəmanımız onu da söylədi ki, bu video məşhurlaşdıqdan sonra insanlar ona yaxınlaşıb, dövlətin ona mənzil və ya pul verməsi ilə maraqlanırmışlar...

“Mən müharibəyə dövlətin kömək etməsi üçün getməmişəm. Mən vətənə borcumu yerinə yetirmək və torpaqlarımızı işğaldan azad etmək üçün getdim. Əgər mənim sağlamlığım imkan verirsə nə üçün mən ələ baxıb, kömək istəməliyəm?. Kimlər isə mənə yaxınlaşıb yardım etmək istəyirlərsə, bu da onların vətən müharibəsi iştirakçılarına olan sevgisindən irəli gəlir”.

“Müharibəyə dövlət mənə yardım etsin deyə getməmişdim...” -

Müharibədən sonra ətrafındakı insanlardan daha çox diqqət və qayğı gördüyünü deyən qazimizin sözlərinə görə, onu görən dostları, tanışları, haqqında məlumatı olan hər kəs sevgilərini müxtəlif formada göstərməyə çalışırmışlar. Döyüşdə olan insanların əksəriyyətinin şəhidlərimizin qisasını alıb, vətəni düşmən tapdağından xilas etməyin əsas və tək niyyəti olduğunu dəfələrlə qeyd edən Elməddin Rüstəmov son günlərin ürək ağrıdan hadisələrindən olan qazi intiharlarına da münasibət bildirdi.

“Düşünürəm ki, o insanlar müharibənin dəhşətlərini psixoloji olaraq qəbul edə bilmirlər. Mən müharibədən qayıtdıqdan sonra elə olurdu ki, yuxularımı qarışdırırdım, gecələr sanki dəli kimi oyanırdım. O anlar yaddan çıxa bilməz. Bizim müharibədə gördüklərimizi adi insanların psixikası qəbul edəcək qədər asan deyildir. Amma mən çalışıram ki, öz qayğılarımla, işimlə məşqul olub ağır düşüncələrdən özümüm uzaq edim. Başqa formada bununla mübarizə aparmaq olmur. Yalnız gündəlik qayğılarım və işlərim ilə mən o dəhşətli günlərin ağrısını bir qədər həfiflədə bilirəm”.

“Müharibəyə dövlət mənə yardım etsin deyə getməmişdim...” -

Elməddin Rüstəmov Qubadlının azad olunmasına görə medalla təltif olunub

Hazırda Elməddin müharibədən öncəki iş yerində çalışır. O, dövlətin qayğısını hiss etsə də, sırf bu diqqətdən faydalanıb heç bir iş görməməyin də tərəfdarı deyil.

“Müharibədən sonra satıcı, sürücü, fəhlə, ofisant da işləmişəm. Mən öz halal çörəyimi öz güc-qüvvəm ilə qazanıram. “Mən qaziyəm, mənə hörmət edin” deyib kimlərdənsə nəsə ummuram. Dövlətimiz müharibədən yeni çıxıb. Düzdür, iki il olarki biz torpaqlarımızı işğaldan azad etmişik, amma ölkənin iqtisadi gücünü toplaması üçün zaman lazımdır. Bacara, köməyi çatan bizə əlindən gələni edir. Amma istəmirəm ki, kimsə bizə yazıqlığı gəlib nəsə versin. Əlim-ayağım yerindədir, nə üçün döyüşdə olduğumdan istifadə edib, növbədə qabağa keçim? Elə olub ki, yolda yol polisi saxlayıb amma mən deməmişəm ki, müharibədə iştirakçısı olmuşam. Doğrudur, tanıyanlar olur və o anda əllərindən gələni kömək ediblər amma mən özüm öz dilimlə qazi olmağımdan istifadə edib kiminsə önünə keçməyə cəhd etməmişəm. Ümumiyyətlə, mən inanıram ki, zamanla daha çox qanunlar qəbul edilib, vətən müharibəsi iştirakçılarına köməklik ediləcəkdir. Hazırda dövlət əlindən gələni edir ki, şəhid ailəsi və qazilərimizin həyat şəraiti yaxşılaşsın. Biz bütün görülən işləri, dəyərləndirib qiymət verməyi bacarmalıyıq”.

Elməddinlə tanışığım təsadüfən oldu. Mən düşündüm ki, haqqında heç bir məlumat olmayan bu igidi hər kəs tanımalıdır. Müsahibə əsnasında onun sualıma hər cavabı səmimiyyəti gözlərində və simasında əks olunurdu. Bu gün müharibə iştirakçısı olan Elməddin kimi igidlərimizin sayı minlərlədir. Onlar sadəcə özlərini ucuz reklam edib, keçdiyi müharibə əziyyətlərini heç etmək istəmirlər. Onlar bilirlər ki, vətəni qorumaq hər bir igidin doğuşdan vəzifəsidir. Bu yolda qazi olmaq isə şərəf və ləyaqətin zirvəsidir.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə dərc olunub.

“Müharibəyə dövlət mənə yardım etsin deyə getməmişdim...” -