Şuşada tapılan 28 illik dəftər və gündəlik hər kəsi duyğulandırdı -

Bəzən kiçik bir detal belə insan ürəyini dağ boyda edə bilir. Hələ də mənəvi yükü çox böyük olarsa, illərlə həsrətini çəkdiyimiz Qarabağdan gətirilərsə. Söhbət Şuşada tapılan, ötən 28 il ərzində məhv olmayıb, sahibinin yolunu gözləyən dərs vəsaitlərdən- bir gündəliklə, bir riyaziyyat dəftərindən gedir.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, onların sahibi isə hazırda İnstitutlardan birində dosent olaraq çalışan Nəsimi Əhmədovdur. Uşaqlığını, gəncliyini Şuşada qoyub gələn bir insanın təəssüratlarını təqdim edirik.

Kəsr ədədlərin vurma əməliyyatları olan Riyaziyyat dəftəri. Və içərisində ard-arda 5 qiymətlərin düzüldüyü gündəlik. Bu dəftər və gündəlik 1989-cu ildə Şuşada Üzeyir Hacıbəyov adına 1 saylı məktəbin 6-cı sinfində təhsil alan Nəsimi Əhmədova məxsusdur.

Hazırda Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə məskunlaşan həmin dərs vəsaitlərinin sahibi Nəsimi Əhmədov ona aid əşyaların tapıldığını sosial şəbəkədən öyrənib.

Nəsimi Əhmədov bildirir ki, Azərbaycanın işğaldan azad edilən hər daşı, torpağı kimi onun dərs vəsaitləri də illərdir gerçək sahiblərinin yolunu gözləyib.

Mədəniyyət, incəsənət diyarı olan Şuşada məktəb dərsləri ilə yanaşı musiqi təhsili də alan Nəsimi Əhmədov tarın incəliklərini də öyrənib. Ancaq Şuşanın işğalı onu musiqidən uzaqlaşdırıb.

İşğaldan azad ediləndən sonra doğma şəhəri Şuşanı hələ görmədiyini deyən Nəsimi Əhmədov hazırda çalışdığı institutun azad edilən ərazilərlə bağlı layihələrində yer alaraq öz yurdunun gələcək inkişafında pay sahibi olmağa çalışır.

Onu da qeyd edək ki, Nəsimi Əhmədov Şuşada ziyalı ailəsində anadan olub. Şəhər Ermənistan qoşunları tərəfindən işğal ediləndən sonra orta təhsilini Qax rayonundakı 4 nömrəli məktəbdə davam etdirərək oranı fərqlənmə ilə bitirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR