Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 843 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 % çoxdur.
Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Son nəticədə kommersiya qurumlarının sayı 9,7% artaraq 154 379-a çatıb.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 %-i elektron qaydada, 28,7 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1 529-nun (ümumi qeydiyyatın 17,3 %-i) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsndə təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumundan 6 724-ü (76 %) yerli investisiyalı, 2 119-u (24 %) xarici investisiyalı qurumlardır. Ötən ilin eyni dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı 12,5 % artıb.
Bu il avqustun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4 %-i səhmdar cəmiyyət (SC), 1,2 %-i kooperativ və s. formalarda yaradılıb. Qeyd olunan tarixə 18 959 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib, ötən illə müqayisədə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 21,5 % artıb.
Bu ilin yanvar-iyul aylarında yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 % təşkil edib. Hesabat dövründə yeni üsulla (fin kod+mobil nömrə) 1 080 yerli investisiyalı MMC (ötən ilin eyni dövrü ilə müqayisədə 37 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,2 %, yerli investisiyalı MMC-lərdə isə 16,2 % təşkil edib.