2023-cü ildə tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir -

"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı daha çox artırmağa çalışırlar. 2022-ci ildə taxıl istehsalının artırlması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotitet idi. Gələn ildə də taxıl qıtlığının dünyada əsas problemlərdən biri olacağı gözlənildiyindən bizim üçün də ehtiyatların artırılması və idxalın əvəzlənməsi daha da aktuallaşmaqdadır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov edib. O bildirib ki, Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək.

"Bu il 955,2 min hektar sahədə dənli bitkilər əkilib. Sahələrdən 2 milyon 850,0 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Qeyd edək ki, məhsulun 1 milyon 731 min tonunu və yaxud 60,8 faizini buğda, 1 milyon 92 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib. Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsal Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında qeydə alınıb. Azərbaycan taxıla olan tələbin 60 faizini yerli istehsal və digər hissəsini idxal hesabına ödəyir. Bu ilki statistik rəqəmlər göstərir ki, gələn ildə də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir. Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır".

Millət vəkili qeyd etdi ki, ötən il taxıl idxalımızda Rusiyanın payı 95.0 faizə yaxın olub. Bu il isə idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edilib.

"Son aylar taxıl istehsalçıların ixracatı məhdudlaşdırması idxal mənbələrinin xeyili dərəcədə azaldıb. Bu baxımdan, dünya bazarında taxılın qiymətinin gələn ildə də yüksələcəyi istisna edilmir. Ona görə də, idxaldan asılılığın minimumlaşdırlması getdikcə daha da prioritetləşir" - deyə V.Bayramov söyləyib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR