"Düşmənlər Laçında məskunlaşmağa, hətta şəhərimizi özlərinin qondarma rayonunun mərkəzinə çevirməyə cəhd ediblər".

Metbuat.az xəbər verir ki, tanınmış nəqliyyat eksperti Ərşad Hüseynov Laçında gördüklərini yazıb. O bildirib ki, Ordumuzun Laçın şəhərini nəzarətə götürməsindən bir gün sonra – avqusutun 27-si Laçına gedib. Ekspert Laçındakı evlərin, tikililərin vandalcasını dağıldığını, məhəllələrin meşəliyə çevrildiyini yazıb:

"Düşmənlər Laçında məskunlaşmağa, hətta şəhərimizi özlərinin qondarma rayonunun mərkəzinə çevirməyə cəhd ediblər. Lakin aydın şəkildə görünür ki, bunu məhdud imkanlarla və "çemodan" əhvali-ruhiyyəsi ilə ediblər. Çünki şəhərimizin 1992-ci ildə vandalcasına dağıdılıb talan edilmiş, yandırılmış tikililərinin, evlərinin əksəriyyəti elə viran edilmiş vəziyyətdə qalıb. Bizim camaatımızın salamat qalan evlərini (mənim təximinlərimlə bir neçə yüz salamat ev durur) bir az təmir edib, oralarda məskunlaşıblar. Salamat qalan inzibati binalarımızdan da inzibati məqsədlər üçün istifadə ediblər. Lakin tək-tük yeni tikili tikiblər. Yeni tikililər də əsasən Xankəndi-Qərbi Zəngəzur yolunun şəhərdən keçən hissəsinin kənarı boyuncadır və çoxu kommersiya xarakterli kiçik tikililərdir. Bir-iki normal tikili də tikiblər. Məsələn, bizim rayon mərkəzi xəstəxanasının xarabalıqları ilə üzbəüzdə, küçənin əks tərəfində yeni xəstəxana tikiblər, amma bu kiçik bir xəstəxanadır, təxminən kənd xəstəxanası kimi.

Şəhərdə minimal kommunal təchizatı (qaz, işıq, su, telefon xətləri) da bərpa edibmişlər. Mərkəzi küçələrin və qeyd etdiyim yolun kənarı boyu öz saxta elementləri ilə “abadlaşdırma” işləri də etməyə çalışıblar (şəhərdən çıxarkən onların hamısını söküb aparıblar). Amma şəhərin əksər məhəllələri, xüsusən də mərkəzi küçələrdən kənar məhəllələri meşə və kolluğa çevrilib".

Ərşad Hüseynov dayanma-durma ilə bağlı dəyişiklik barədə ŞƏRH verdi - Avtosfer.az

Ərşad Hüseynov qeyd edib ki, 2020-ci ilin dekabrın 1-dən sonra şəhərin demək olar ki, boşaldılmış olduğu aşkar görünür:

"Ən maraqlı müşahidəm o oldu ki, 2020-ci ilin dekabrın 1-dən sonra şəhərin demək olar ki, boşaldılmış olduğu aşkar görünür (bunu son il yarımda Laçın şəhərindən dəfələrlə keçərkən də hiss etmişdim, çünki şəhər küçələrində hər dəfə ən çoxu 2-3 adam görmüşüdüm). Yuxarıda qeyd etdim ki, bir neçə yüz evdə yaşayırmışlar. Lakin aydın şəkildə görünür ki, həmin evlərin mütləq əksəriyyətində son bir ildə və ya il yarımda yaşayış olmayıb, çünki həmin evlərin həyətini, qapı-bacasını alaq otları basıb, evlərdə təxminən 1-1,5 il əvvəl atılıb qalmış ərzaq qalıqları, geyim əşyaları var, küçələrin səkilərini ot, kol-kos basıb və s.

Sağlıq olsun, laçınlılar tezliklə öz evlərinə dönərlər və qeyd etdiklərimi daha detallı şəkildə özləri görərlər.

Əminəm ki, Laçın şəhərini qısa müddətdə bərpa edib, orada həyatı canlandıra biləcəyik. Laçını elə bir səviyyəyə çatdırmalıyıq ki, düşmən bir daha ona tərəf baxmağa cəsarət etməsin".