“Azərişıq” ASC Quba rayonunun Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsini yenidən qurur.
Bu barədə Metbuat.az-a qurumdan bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən həyata keçirilən investisiya layihəsi çərçivəsində adıçəkilən kəndlərdə ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 km-a yaxın 10 kV-luq, 16 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjsi ilə təmin olunacaq.
Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yeninlənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir. 1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 km-a yaxın 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi tam yenilənir.