Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib ki, ölkədə hərbi vəziyyət elan edib səfərbərliyə başlamaq lazımdır.
Ohanyanın açıqlamasına münasibət bildirən politoloq İlyas Hüseynov bildirdi ki, sentyabrın 12 və 13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində reallaşan qarşıdurma ilə analogiya təşkil edir.
"Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır".
Qeyd edək ki, Ermənistan KİV-də yayılan məlumatlara görə, Ermənistan ordusunun məhv edilən hərbi qulluqçularının sayı 200-ü keçib. Bunu "Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan parlamentin iclasında deyib. “Sputnik Armenia” nın yaydığı məlumata görə isə, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölən erməni hərbçilərinin sayının 105 olduğu barədə açıqlama verib.