İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib -

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.

Metbuat.az xəbər verir ki, etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Fergus Auld Azərbaycan dilində dedi:

-Hörmətli cənab Prezident, sabahınız xeyir, etimadnaməmi Sizə təqdim etməkdən çox məmnunam.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Cənab səfir, sabahınız xeyir. Əvvəlcə, Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir. Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir.

Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində.

Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam.

Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq - ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin, bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var. Ümumilikdə, biz tərəfdaşlığımızın səviyyəsindən olduqca məmnunuq. Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.

Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi sahələr daxildir, ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq. Siz bilirsiniz ki, biz bu vacib istiqamətdə addım atmağa yaxınıq. Siz Azərbaycanda fəaliyyətinizə tamamilə fərqli mühitdə başlayırsınız. Çünki Qarabağ münaqişəsi başa çatdıqdan sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki, bu, müsbət dinamikadan bəhrələnmək və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir.

Bizim mövqeyimiz çox aydındır. Biz bunu vurğulamışıq və ictimai şəkildə bir neçə vacib təkliflər irəli sürmüşük ki, onlar davamlı sülh, sabitlik, təhlükəsizlik və normal qonşuluq münasibətlərinə gətirib çıxara bilər. Biz bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə ümid edirik. Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq. Əminəm ki, qarşıdan gələn illərdə biz sizinlə, buradakı heyətinizlə və hökumət rəsmilərinizlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcəyik. Yəni, gündəliyimiz olduqca genişdir.

Mədəniyyətimizə böyük ehtiramın nümunəsinə görə bir daha təşəkkür edirəm. Sizə fəaliyyətinizdə uğurlar diləyirəm. Cənab səfir, xoş gəlmisiniz.

Görüşdə Azərbaycan dilində çıxış edən səfir Fergus Auld dedi:

-Hörmətli cənab Prezident.

Əlahəzrət Kraliça II Elizabetin vəfatından sonra Azərbaycan xalqı adından başsağlığı vermək üçün səfirliyimizi ziyarət etdiyinizə görə Böyük Britaniya adından bir daha Sizə minnətdarlığımızı bildirmək istərdim.

Bu gün Gəncə şəhərinin məruz qaldığı dəhşətli raket hücumunun ikinci ildönümüdür. Həmin faciəli gündə həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Həmçinin iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığımı çatdırmaq istərdim. Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır.

Hörmətli cənab Prezident, Britaniya səfirliyində görüşərkən Sizə dediyim kimi, mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım. Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır, Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq.


11:11

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR