11 Oktyabr Beynəlxalq Qızlar Günüdür

BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.

Metbuat.az xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilmək üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.

Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Lakin, təəssüf ki, dünyanın bir çox yerlərində hər gün diskriminasiyaya və ayrı-seçkiliyə məruz qalırlar. Qızların gücləndirilməsi üçün qoyulan investisiyalar (sosial, iqtisadi və siyasi) bu günki hüquqlarını təmin edir və bəşəriyyətin bu gözəl yarısı iqlim dəyişikliyinin aradan qaldırılması, siyasi münaqişələrin həll edilməsi, iqtisadi artımın təmin edilməsi, xəstəliklərin qarşısının alınması və davamlı inkişafa nail olunması üçün bərabər tərəfdaşdır. Belə olduğu təqdirdə ədalətli və daha firavan gələcəyi vəd edir.

Son 15 ildə dünya ictimaiyyəti qızların həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etmişdir. Lakin müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına və davam etdirməsinə bir cox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, hamiləlik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir.

Bir nəsildən digər bir nəslə yoxsulluğun, şiddətin, sosial təcridin və ayrı-seçkiliyin miras qalmaması, həmçinin ədalətli və davamlı inkişafa nail olmaq üçün iri miqyaslı işlər aparılmalıdır. Buna görə də, hər il bu gün müəyyən bir mövzuya həsr olunur.

2012-ci ildə dünyanın bir çox ölkələri üçün problem olan “erkən nikah”ların daha doğrusu, “uşaq nikahları”nın qarşısının alınması üçün çağrışlar etdilər. 2013-cü ildə “Qızların təhsil almasına novator yanaşma”, 2014-cü ildə qızlara qarşı törədilən zorakılığın, ayrı-seçkiliyin qarşısının alınması üçün imkanların genişləndirilməsi, 2015-ci ilin mövzusu 2014-cü ilin mövzusunu qızlarının gücləndirilməsinin vacibliyini davam etdirməklə, "Sabahkı dünyamızın inkişafını təmin etmək üçün bu gün investisiya et" oldu.

Bütün dünyada qızların vəziyyətinə təsir edən amillərin nəzərə alınması üçün məlumatların toplanması lazımdır. Bu müvafiq strategiyaların və proqramların hazırlanmasında kömək edir, həmçinin qarşılaşdıqları problemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verəcək. Buna görə də 2016-cı ildə “Qızların vəziyyətinin yaxşılaşıdırılması məqsədlərə nail olmaq deməkdir” mövzusunda çağrışlar edildi. 2017-ci ildə isə qlobal səviyyədə diqqətin bu istiqamətə yönəltmək, böhran zamanı və böhrandan sonra qızlar üçün fəaliyyətlərin müəyyən edilməsi oldu.

Bu il isə qızların imkan və bacarıqlarının genişləndirilməsi, eyni zamanda əmək hüquqlarının müdafiəsi, eləcə də onların ən ümdə problemlərin həlli və investisiyaların zəruriliyinə diqqətin cəlb edilməsi üçün tərəfdaş və maraqlı tərəflərin səylərini birləşdirmək üzrə layihələrə start verilir.

Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait yaradılmışdır.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla, Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, xüsusilə də uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması üzrə ciddi işlər görülür.Bununla əlaqədar olaraq Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra maraqlı layihələr həyata keçirir. Ölkəmizdə də 2012-ci ildən başlayaraq “11 oktyabr Beynəlxalq Qızlar Günü” keçilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu günün əsas devizi və çağrışlarına uyğun olaraq müxtəlif layihələr reallaşdırır. Erkən nikahların, təhsildən yayınma, qızlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması ilə bağlı bir sıra sistemli işlər görülür. Əsas məsələlərdən biri də bu hallara qarşı bütün cəmiyyət səylərini birləşdirməli, stereotiplərin aradan qaldırılmasına qarşı mübarizə aparmaqdır. BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə 3 illik yeni layihənin icrasına başlanılıb. Layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi əsas hökumət tərəfdaşlarıdır. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilmiş, sosial çarxlar hazırlanmışdır. 11 oktyabr “Beynəlxalq Qızları Müdafiə günü” ilə bağlı “ Atalar və Qızlar” foto sərgi, festival keçirilib, “Qız yükü” tamaşanın ictimai baxışı olmuşdur. Həyata keçirilən layihələr, güclü dövlət proqramları bir çox istiqamətlərdə yaxşı nəticələr göstərir. Uşaq ölümünün, küçə uşaqları, erkən nikah və uşaqlara qarşı zorakılıq faktlarının azalması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir.

Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Biz istəyirik ki,onlar öz həmyaşıdlarının problemlərini ictimailəşdirsinlər, kömək etsinlər. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər keçirmişik. Uşaq Forumlararası Əlaqələndirmə Şurası çox aktivdirş 2017-cidə IV Ümumrespublika Uşaq Forumu keçirildi. Ölkə başçısının Forum iştirakçılarına etdiyi müraciət isə ölkədə uşaq siyasətinin həyata keçirilməsində dövlətin və onun başçısının diqqətin və qayğının göstəricisidir. Qeyd edim ki, hər bir Forumda səslənən təkliflərin əksəriyyəti həyata keçirilmişdir. Və bu dövlətimizin hər bir vətəndaşın istər uşaq, istərsə də böyük olsun fikrinə, arzusuna göstərilən diqqətin bariz nümunəsidir.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. Məlumat üçün qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılımışdır. Bütün məlumatlar Komitədə ümumiləşdirilmiş, tövsiyələr hazırlanmış və Nazirlər Kabinetinə çatdırılır. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır ki, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində biz uşaq problemlərinin dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Valideyin himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun, eləcə də, müxtəlif peşələrin öyrədilməsi təmin olunmuş və bu sahədə işlər davam edəcəkdir. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunmuşdur.

Bu layihələr yalnız 11 oktyabrda deyil, il boyu keçirilir. Və bu gün də bir sıra məktəblərdə maarifləndirici tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR