ADY “Rebuild Karabakh” sərgisində iştirak edir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün başlayan “Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində xüsusi stendlə təmsil olunur.

Metbuat.az xəbər verir ki, dəmir yollarına aid özəl güşədə işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən dəmir yolu layihələri barədə ətraflı məlumatlar təqdim olunur, eləcə də foto-video nümayiş etdirilir.

19-21 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunan yeganə ixtisaslaşmış sərgidir. Qeyd olunan tədbir bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforması sayılır.

Sərgidə ADY-nin stendində Qarabağda reallaşdırılan iki layihə - Horadiz-Ağbənd və Bərdə Ağdam dəmir yolu xətlərinin tikintisi barədə məlumatlar ətraflı şəkildə yer alır.

Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 km olan bu dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda tikinti üzrə tərəqqi 58% təşkil edir.

Təməli Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda 62-71 km aralığında torpaq işləri və süni qurğuların tikintisi işləri davam edir.

Hər iki layihənin 2023-cü ilin sonuna kimi tamamlanması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR