Bəyləqanda baş verən qətllə bağlı bəzi məqamlar məlum olub.
Metbuat.az xəbər verir ki, dünən saat 22 radələrində düşmənçilik zəminində bir ailənin 4 üzvü - 56 yaşlı Quliyev Nadir Cümşüd oğlu, 51 yaşlı Quliyeva Tərgül Sərxan qızı, 26 yaşlı Quluzadə Amin Nadir oğlu, 29 yaşlı Quluzadə Xəyal Nadir oğlu öldürülüb.
APA yazır ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar. Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.
Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
Qeyd edək ki, faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.