​Qarabağ erməniləri üçün imkan yaranıb:

Azərbaycanlı fəalların ermənilərin törətdikləri ekoloji terrorla bağlı etiraz aksiyaları bir neçə gündür davam edir.

Aktivistlər Şuşa - Xankəndi yolunda sözün əsl mənasında şücaət göstərir, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş sülhməramlı kontingentin komandanı general Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Bu arada Qarabağda yaşayan ermənilər "timsah göz yaşları" tökməyə başlayıblar. Onlar təhlükəsizliklərinə təhdid olduğunu iddia edirlər.

Sual yaranır: sənin bizim torpaqlarımızda nə işin var ki, təhlükəsizliyinə təhdid yaransın?

Məhz bu aksiya nəticəsində Qarabağda yerləşən ermənilər həqiqəti anlamağa başlayırlar. Etirazlar ermənilərə başa salır ki, onlar torpaqlarımızda qanunsuz yaşaya bilməzlər. Azərbaycan Xarici İşlər Nazirliyinin torpaqlarımızda qanunsuz yaşayan ermənilərlə bağlı yaydığı bəyanatda göstərilib ki, onların təhlükəsizliyinin təmin olunması Azərbaycanın daxili işidir. Rəsmi Bakı onların təhlükəsizliyini təmin edə bilər. Amma bunun üçün əvvəllər də müxtəlif səviyyələrdə dəfələrlə bəyan edildiyi kimi, ərazilərimizdə qanunsuz yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Bir neçə gündür davam aksiyalar bu məsələnin ciddiliyini ermənilərə xatırlatdı. İkincisi, əgər Xankəndidə yaşayan ermənilər təhlükəsizliklərindən narahatdırlarsa, bunun səbəbini öz hakimiyyətlərində axtarmalıdırlar. Çünki ərazimizdə ekoloji terror törədən, üçtərəfli razılaşmaların şərtlərinə əməl etməyən, o cümlədən hələ də terrorçuları Qarabağdan çıxarmayan məhz İrəvandır.

Qarabağ erməniləri gələcəkləri barədə düşünürsə, ayağa qalxmalı, etirazlarını bildirməli, Ermənistan iqtidarından Azərbaycanla sülh müqaviləsi imzalamağı, təxribatçı addımlardan çəkinməyi tələb etməlidirlər. Əks halda bilməlidirlər ki, Azərbaycan xalqı özbaşınalıqlara dözümlü yanaşmayacaq. Biz bir neçə dəfə göstərmişik ki, özümüz öz işimizi həll etməyə qadirik. Beləliklə, Qarabağ erməniləri verilən mesajlardan dərs çıxarmalı, böhranlı hesab etdikləri vəziyyətdən öz xeyirləri üçün istifadə etməlidirlər.

Politoloq Kənan Novruzov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR