"Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır" -

"Qanun qəbul etməklə, təhsilimizi düzəldə bilmirik"

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bugünkü iclasında deyib. O qeyd edib ki, orta məktəblərdə kitablar çoxağırdır:

"Orta məktəbdə oxuyan nəvələrim var, onların çantalarını götürə bilmirəm. O ağırlıqda çantanı götürən uşaqlar gələcəkdə qozbel olacaq".

Deputat bildirib ki, məktəblərdə baş verən problemlərdə daha çox müəllimlərdə günahkar görülür:

"Digər bir məsələ isə müəllimlərin üstünə çox düşmüşük. Bu maaşla ərköyün uşaqlara dərs deyən müəllimlər milli qəhrəmanlardır. Bu yaxınlarda bir müəllim uşağa şillə vurub. 30 ilin müəllimi işdən azad edilib. Mən şiddətə qarşıyam, amma xəbərdarlıq etmək, töhmət etmək olardı. 30 ilin müəllimini çörəksiz qoymaq, belə şey olar? Onsuz da kişi müəllimlərinin qıtlığıdır. Hər şeyi bizə öyrədən müəllimi özümüzə qul etmişik. Valideynlər elə bilir müəllimlər onların quludur".

Deputat həmçinin bildirib ki, əvvəllər nadinc şagirdləri məktəbdən qovardılar, onlar üçün ayrıca bir məktəb olardı:

"Elə tərbiyə verdilər ki, içlərindən alimlər, polkovniklər çıxdı. İndi şagirdlər müəllimlərin "başına çıxır". Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR