“Rusiya Çin və CAR-la birgə hərbi təlimlər planlaşdırıb” -

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl bir neçə Afrika ölkəsinə səfəri Qərb mətbuatının diqqət mərkəzindədir. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Kremlin Afrikaya diqqət göstərməsi suallar yaradıb. Bu gedişatdan ən çox narahat edən iki ölkə var – ABŞ və Fransa.

Metbuat.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, bu iki ölkənin Afrika qitəsində özəl maraqları var:

“Ona görə də Vaşinqton və Paris Afrikada Rusiya və Çinin fəallaşmasından narahatdır. Məsələn, Burkino-Faso rəhbərliyi Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyib. Bu ölkənin yeni hakimiyyəti Fransanın əvəzinə Rusiya ilə tərəfdaşlığı seçib. Vaşinqton və Paris Afrikada Rusiya ilə maraq mübarizəsini genişləndirməyə hazırlaşır.

Vaşinqton və Parisin səylərinə baxmayaraq, Kreml Afrika qitəsində fəallığını azaltmır. Lavrov Afrika turnəsi çərçivəsində Cənubi Afrika Respublikasına (CAR) da səfər edib. CAR son illər Rusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir. Bu ölkə Rusiya və Çinlə birgə BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üzvüdür. Halbuki vaxtilə CAR ABŞ-ın Afrikadakı əsas tərəfdaşı idi. Ancaq CAR-da irqi ayrı-seçkilik əsasında formalaşan “aparteid” rejiminə son verildikdən sonra bu ölkənin xarici siyasətində ciddi korrektələr edilib”. Təhlildə qeyd olunur ki, Rusiya Çin və CAR-la birgə hərbi təlimlər planlaşdırıb:

“Təlimlər CAR sahilinə yaxın sularda gerçəkləşəcək. Hərbi təlimlərin fevralın ortalarında keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya və Çin öz sahillərindən uzaq bölgədə birgə hərbi təlimlər keçirəcək. Bu ABŞ və Fransanın narazılığına səbəb olub. Vaşinqton və Paris ondan narahatdır ki, Rusiya və Çin öz planlarına digər qitələrdəki dövlətləri, o cümlədən CAR-ı cəlb etməyə müvvəfəq olub. Halbuki CAR Qərb ölkələriylə hərbi təlimlərə maraq göstərmir. CAR Rusiyanın Ukrannaya qarşı işğalçı müharibəsini pisləməyən ölkələrdəndir. Eyni zamanda, Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR