Rəsmi Bakının Münxendə növbəti qələbəsi -

Almaniyanın Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı 59-cu sessiyasını yekunlaşdırıb.

Dünyanın aparıcı forumlarından sayılan Münxen Təhlükəsizlik Konfransında dünyanın bir çox dövlət və hökümət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyevin Münxhen səfəri bir sıra mühüm hadisələrlə yadda qalıb.

Vacib mesajların verildiyi Konfransın Azərbaycan üçün siyasi nəticələrini dəyərləndirən AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Metbuat.az-a açıqlamasında vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münxen təhlükəsizlik forumu çərçivəsində keçirdiyi görüşlər, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin həm nüfuzunun, həm də bir çox prinsipial məsələlərdə qəti mövqeyinin göstəricisi oldu.

Elnur Kəlbizadə

“Prezident İlham Əliyevin yeni dünya düzənində Azərbaycanın yerinə və roluna dair aydın və əsaslandırılmış baxışları vardır. Bu siyasətin başlıca məqsədi Azərbaycan xalqının milli maraqlarının ardıcıl müdafiəsidir. Təbii ki, ən çox diqqəti cəlb edən Cənubi Qafqazın üç ölkəsinin liderlərinin iştirakı ilə keçirilən plenar sessiya oldu. Cənab Prezident Azərbaycanın regionda qalıcı sülhün əldə olunması, əməkdaşlığın inkişafı prosesinə yanaşmasını dəqiq və əsaslandırılmış şəkildə bir daha açıqladı. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi şəraitdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, eləcə də Azərbaycanın Qarabağ regionunda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasının təmin olunması ilə bağlı Azərbaycan dövlətinin mövqeyini cənab Prezident aydın şəkildə ifadə etdi”.


İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasında

Elnur Kəlbizadə xatırlatdı ki, Konfransda iştirakı zamanı Prezident İlham Əliyevin mühüm açıqlamalarından biri də, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi və Qarabağda erməni icması ilə əlaqələrin bir-birinə qarşılaşdırılmadan fərqləndirilərək praktik tənzimlənməsi ilə bağlı oldu. Ekspert bildirdi ki, bunlardan biri, yəni Azərbaycanla Ermənistan arasında münasibətlər dövlətlərarası məsələ, digər proses isə, yəni Qarabağın erməni icması ilə praktiki əlaqələrin qurulması Azərbaycanın daxili məsələsidir və Azərbaycan hər hansı kənar gücün bu məsələdə hansısa şərtləri diktə etmək istəməsini birmənalı şəkildə qəbul etməyəcəkdir.

“Maraqlı məsələlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın hələ də təkidlə Qarabağda erməni icmasının yaşadığı ərazilərdən bəhs edərkən hələ də “Dağlıq Qarabağ” ifadəsini işlətməyə çalışması oldu. Cənab Prezident isə tamamilə əsaslandırılmış şəkildə bu cür provakativ addımların atılmasının qəbuledilməz olduğunu söylədi və Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı hər hansı bir inzibati vahidin olmadığını bir daha qeyd etməklə Azərbaycanın prinsipial məsələlərdə geri çəkilməyəcəyini aydın şəkildə göstərdi. Eyni zamanda, Ukrayna-Rusiya müharibəsindən sonra regionda yaranmış şərait, bu müharibənin Cənubi Qafqazda və bu regionda yerləşən ölkələrə, o cümlədən Azərbaycana təsirləri ilə bağlı cənab Prezident çox dəqiq qiymətləndirmə apardı, müharibənin yaratdığı şərtlərin həm müsbət, həm mənfi məqamlarını qeyd etdi. Eyni zamanda artıq müharibədən sonrakı dünyanın, yeni bir dünya olacağını qeyd etdi və müharibədən əvvəlki dövrlə müqayisədə bir çox dəyişikliklərin baş verəcəyini vurğuladı”.


Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkinin Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsinə nail olduğunu qeyd edərək bu addımı yüksək qiymətləndirdi:


İlyas Hüseynov

“Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə iştirak etmək istəmirdi. Ermənistan tərəfi ümumiyyətlə, diplomatik danışıqlardan imtina edərək görüşün keçirilməsi üçün ön şərt irəli sürürdü. Onlar ekoloqların aksiyalarının dayandırılmasını tələb edirdilər. Lakin görüş də baş tutdu və görüşdə cənab Prezident Azərbaycanın mövqeyini bir daha qeyd edərək bildirdi ki, Qarabağ mövzusu artıq bitib. “Dağlıq Qarabağ” termininin istifadə olunması yolverilməzdir. Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati vahid yoxdur. Bu, sovet texnologiyasından qalma bir ifadədir və digər tərəfdən sülh müqaviləsinin mətni Azərbaycan tərəfinə təqdim olunub və bu mətnin üzərində də artıq iş gedir. Digər tərəfdən Konfransda həm də panel müzakirələri baş tutdu və Cənubi Qafqaz dövlətlərinin liderləri İlham Əliyev, İrakli Qaribaşvili və Nikol Paşinyan məhz regionun spesifikasını əməkdaşlıq imkanlarını dəyərləndirərək müzakirələrə qoşuldular”.

Azərbaycan və Ermənistan liderləri arasında baş tutan debatı dəyərləndirən İlyas Hüseynov xatırlatdı ki, 2020-ci ildə uğurlu diplomatik səriştəsini məharətlə ifadə edən ölkə başçısı cənab İlham Əliyevin bu siyasi xətti iki gün öncə keçirilmiş Münxen görüşündə də özünü göstərdi və Ermənistanın əsassız irəli sürdüyü tələblərə Azərbaycan çox böyük məharətlə cavab verdi.

“Hesab edirəm ki, Münxen görüşünü Azərbaycan üçün uğurlu hesab etmək olar və diqqət çəkən bir məqam da ondan ibarətdir ki, Azərbaycan və Ermənistan kommunikasiya xətlərində nəzarət - buraxılış məntəqələrinin qurulmasının tərəfdarıdır və bu da çox önəmli bir irəliləyiş kimi qeyd oluna bilər. Düşünürəm ki, Azərbaycan tərəfinin təklifi qəbul olunacaqdır. Çünki bu, çox rasional və əlverişli bir təklif kimi nəzərdən keçirilir”.

Münxendə Azərbaycan Prezidentinin növbəti dəfə ölkəmizin maraqlarını qoruduğunu ifadə edən politoloq Tural İsmayılov Metbuat.az-a şərhində vurğuladı ki, İlham Əliyev Azərbaycanın sülhə sadiqliyini nümayiş etdirdi.

\

Tural İsmayılov

“Daha əvvəl də cənab Prezident dəfələrlə Azərbaycanın Cənubi Qafqazdakı sabitlik və stabillik üçün sülhə olan bağlılığını bir çox platformalarda göstərmişdi.Xatırladım ki, Ermənistan Praqa görüşündə Azərbaycanla sülhlə bağlı müəyyən öhdəlikləri üzərinə götürsə də, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, daha sonra Fransa və müəyyən dairələrin təhrikləri ilə sülhü, sabotaj edən addımlar atdı, amma istənilən halda cənab Prezidentin Ermənistan tərəfindən Azərbaycana göndərilən sülh təklifləri ilə bağlı təqdirəlayiq açıqlamasını verməsi ölkəmizlə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması fonunda önəmli bir irəliləyişə səbəb olacaq. Hər halda Ermənistan da bundan əvvəl Azərbaycanın beş maddəlik təklifini qəbul etdiyini açıqlamışdı. Bu baxımdan Münxen görüşü və orada aparılan müzakirələr iki ölkə arasındakı etimad mühitinin qurulması ilə bağlı növbəti addımlarda irəliləyişlərə səbəb olacaq”.


ABŞ Dövlət katibi Entoni Blinkenin moderatorluğu altında cənab Prezidentlə Paşinyan arasında görüşün keçirilməsinin önəmini qeyd edən ekspertin qənaətinə görə, daha sonra Münxen Konfransı çərçivəsində debatda müəyyən diskussiyaların aparılması ünsiyyətin davamlı olmağına və eyni zamanda bu prosesdə sülhə alternativin olmadığını söyləməyimizə əsas verir:

“Hesab edirəm ki, artıq Ermənistan bu il ərzində üzərinə düşən öhdəlikləri mütləq şəkildə yerinə yetirilməlidir. Ermənistan dövlətçiliyinin iqtisadi və siyasi mənada mövcudluğu və xaos elementlərindən qurtulmağın yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir", - deyə Tural İsmayılov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR