I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən on mindən çox bioloji nümunə toplanıb

“Birinci Qarabağ müharibəsində itkin düşmüş 3 890 nəfər şəxsin ailə üzvlərindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin mütəxəssisləri tərəfindən DNT analizlərinin aparılması üçün 2014-cü ildən etibarən hazırkı vaxtadək 10 583 bioloji nümunə toplanıb”.

Metbuat.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərdən 490 nəfərin ailə üzvlərindən 2023-ci il ərzində bioloji nümunələrin götürülməsi prosesi davam etdirilir:

“Araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər işğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda təxminən 118 nəfərin qalıqları tapılıb.

Bu insan qalıqları Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini sübut edir. Kəlbəcər rayonunun Başlıbel kəndi yaxınlığındakı dağ mağarasında aşkar edilmiş kütləvi məzarlıq göstərib ki, Ermənistan silahlı qüvvələri mağarada gizlənən kənd sakinlərini birbaşa atəşə tutublar, sakinlərdən azı 12 nəfəri, o cümlədən 2 uşaq və 5 qoca həlak olub.

Xocalı rayonunun Fərrux kəndindəki kütləvi məzarlıqda da uşaq və qadın qalıqları tapılıb.

Daha bir qəddarlığın sübutu Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş, əl-ayaqları məftil və kəndirlə bağlanmış onlarla azərbaycanlının qalıqlarının olduğu kütləvi məzarlıqdır. Bu da onların qısa müddət ərzində öldürülməsindən xəbər verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR