Fevralın 23-ü keçmiş SSRİ-də ordu günü kimi qeyd olunub.
Metbuat.az xatırladır ki, bu bayramın tarixi 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri (gələcək Qırmızı Ordu) Pskov yaxınlığında almanlarla üz-üzə gəlib. Qırmızı Qvardiya ilk dəfə iştirak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilib. Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başlayıb.
1923-1946-cı illərdə 23 fevral tarixi "Qırmızı Ordu və Donanma Günü", 1946-1993-cü illərdə isə "Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü" kimi qeyd olunmağa başlayıb.
Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz Milli Ordu gününü qeyd etməyə başlasalar da, bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Belə ki, bu tarix Rusiyada "Vətən Müdafiəçiləri Günü" adı ilə dövlət bayramıdır.
Belarus, Qırğızıstan və Tacikistanda 23 fevralı qeyri-iş günü kimi rəsmi səviyyədə qeyd edir.