Noyabrın 5-də Günəşdə son bir ayın ən güclü alışması qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 22:33-də Günəşin 4566 nömrəli ləkələr qrupunda M3.6 sinifli güclü alışma baş verib. Hadisə 29 dəqiqə davam edib.
Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, bu, oktyabrın 10-dan bəri qeydə alınan ən güclü Günəş alışmasıdır.
Qeyd edək ki, Günəş alışmaları gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. M sinfi gücünə görə ikinci ən yüksək kateqoriya hesab olunur.
Mütəxəssislərin bildirdiyinə görə, güclü Günəş alışmaları plazma atılmaları ilə müşayiət oluna bilər. Bu plazma buludları Yerə çatdığı təqdirdə planetin maqnit sahəsinə təsir göstərərək maqnit qasırğalarına səbəb ola bilər.
Bununla belə, qeydə alınan son alışmanın Yer kürəsində maqnit qasırğası yaradacağı hələ təsdiqlənməyib.