Yeni qərardan sonra köhnə maşınlar bahalaşacaq? -

“Nazirlər Kabinetinin yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərarının verilməsində əsas məqsəd ölkəmizin avtomobil parkının yenilənməsidir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert hesab edir ki, bu qərardan sonra avtomobil bazarında qiymətlər kəskin dəyişməyəcək.

Eldəniz Cəfərov

“Artıq bir neçə ildir ki, ölkəmizə idxal olunan köhnə, yararsız avtomobillərin sayı durmadan artır. Bu qərar qəbul ediləndən sonra ekosistemin yaxşılaşdırılmasına da müsbət təsir edəcək və avtomobil parkı təbii yolla yenilənməyə doğru gedəcək. İkinci əl avtomobil bazarında ciddi qiymət artımı olmasa da, yay mövsümünə doğru qiymətlərdə təxminən iki faiz civarında yüksəlmə müşahidə edilə bilər”.

Bəs, bu qərar ikinci əl avtomobillərin ehtiyyat hissələrinin qiymətinə təsir edə bilərmi? Bu suala cavab olaraq Eldəniz Cəfərov bildirdi ki, avtomobillərin təmiri zamanı detalların qiymətlərində də hər hansı bir artım olacağını düşünmür.

“Ölkəyə ehtiyat hissələrinin gətirilməsinə hər hansı bir qadağa yoxdur. Bu səbəbdən də təmir qiymətlərinin yüksəlməsi gözlənilmir. Yaşı 10 ildən çox olan avtomobili xarici ölkələrdən sifariş etmiş vətəndaşlarımız da narahat olmamalıdırlar. Belə avtomobilləri alarkən vətəndaşda invoys - ödəmə çeki varsa, bu zaman gömrükdə idxalda hər hansı problem olmayacaq. Avtomobili əgər mart ayının 29-a qədər sifariş ediblərsə, o avtomobillər üç aya, dörd aya, beş aya, nə zaman gələcəksə, gömrükdə rəsmiləşdiriləcəkdir. Öz növbəmdə vətəndaşlara tövsiyə edirəm ki, yaşı 10 ildən çox olan avtomobilləri xarici ölkələrdən sifariş etməsinlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR