Katrin Kolonna niyə Azərbaycana gəlir? -

Fransanın xarici işlər naziri Katrin Kolonna bu gün Azərbaycana gələcək. Onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.

Bu barədə Metbuat.az-a fikirlərini bildirən siyasi şərhçi Kənan Novruzov deyir ki, tərəflərin müzakirə edə biləcəkləri xeyli məsələ var.

"Yəqin ki, Cənubi Qafqaz mövzusu və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması da tərəflərin gündəliyində olacaq. Çox güman, Ceyhun Bayramov həmkarını Ermənistanla münasibətlərdəki son durum barədə məlumatlandıracaq. Həmçinin Laçın dəhlizindəki mövcud vəziyyət də Fransa tərəfinin diqqətinə çatdırılacaq. Məlum olduğu kimi, Azərbaycan bu günlərdə Laçın - Xankəndi yolunun başlanğıc hissəsində nəzarət - keçid məntəqəsi quraşdırdı. Rəsmi məlumatda bildirildi ki, bu Ermənistanın qanunsuz əməllərinin, o cümlədən silah daşınmasının qarşısının alınması üçündür. Lakin bir sıra Qərb dövlətləri, o cümlədən rəsmi Paris məsələyə "fərqli don geyindirməyə çalışdı". Fransa Xarici İşlər Nazirliyindən bu barədə qərəzli bəyanat verildi. Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Fransa belə açıqlamalarla münasibətlərin normallaşması prosesinə maneçilik cəhdlərinə şərait yaratmamalıdır. Ümumiyyətlə, Fransa Cənubi Qafqazdakı duruma və Azərbaycan həqiqətlərinə münasibəti göz önündədir".

Rəsmi Parisin Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi 30 il ərzində "düyünlərin açılmasına" töhfə vermədiyini xatırladan siyasi şərhçi qeyd etdi ki, Vətən müharibəsi dövründə və ondan sonra da biz dəfələrlə rəsmi Parisin qərəzli münasibətini görmüşük. K.Novruzov hesab edir ki, tarixi təcrübəni unutmaq olmaz.

"Məhz tarixi təcrübə onu deməyə əsas verir ki, Paris regionda "daşların yerinə oturmasında" maraqlı deyil. Əslində Fransa Avropa İttifaqı (Aİ) sədri kimi heç olmasa indi obyektiv davranmağa çalışmalıdır. Amma bu, görünmür. Fransa Prezidenti Emmanuel Makron və onun komandası bilməlidir ki, qərəzli mövqe Aİ- yə olan etimadı da azaldır. Fikrimcə, bu günkü görüşdə münasibətlərə aydınlıq gətirilməlidir. Ceyhun Bayramov sərt danışmalı, Fransanın qeyri- obyektiv mövqeyi ilə bağlı narahatlığımızı konkret ifadə etməlidir. Rəsmi Paris də başa düşməlidir ki, belə yanaşma ancaq onun özünə ziyandır. Şirin vədlər daha bizim üçün keçərli deyil. Yeri gəlmişkən, fransalı nazir dövlətinin vasitəçilik səyləri barədə də danışa bilər, Parisin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu deyə bilər. Amma bu açıqlamalar səmimi olmayacaq. Vasitəçilik iddiasında olan dövlətlər kimi, Fransa da sadəcə regional maraqlarını düşünür".

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR