Bu gün Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə yekunlaşır

Qardaş Türkiyənin Gəncədəki Baş konsulluğunda türk vətəndaşlarının prezident və parlament seçkilərində mayın 5-i səhər saatlarından başlamış səsverməsi bu gün başa çatır.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop deyib. O bildirib ki, 3 gün davam edən səsvermədə Türkiyə vətəndaşları xüsusi fəallıq göstəriblər. Səsvermənin 1-ci və 2-ci günündə səsverməyə gələn insanlar arasında sıxlıq müşahidə olunub. Bu gün son gün olduğuna görə gələnlərin sayında azalma var. Konsul bildirib ki, ötən seçkilərlə müqayisədə bu seçkilərdə vətəndaşların aktivliyi rekord həddə çatıb.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.

Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı