Sabah Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunacaq. Hazırda Azərbaycanda uşaqların və yetişməkdə olan gənc nəslin sağlamlığı və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilsə də, cəmiyyətdə uşaq müdafiə siyasətinin qanunverici bazasında çatışmazlıqlar olduğu ilə bağlı müəyyən fikir ayrılıqları var.
Uşaq hüquqlarının qorunması, Azərbaycanda bu sahədə görülən işlər, mövcud problemlərin həlli yolları ilə bağlı "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova ilə söhbət etdik.
Metbuat.az həmin müsahibəni təqdim edir:
- Günel xanım, Azərbaycanda uşaqların həyat şəraiti və sosial rifahının yaxşılaşdırılması üçün bu günə qədər həm dövlət, həm qeyri-hökümət, həm də beynəlxalq təşkilatların gördüyü işləri necə qiymətləndirirsiniz?
Azərbaycanda uşaq müdafiə siyasəti formalaşsa da, bu sahədə görülən işlər hal-hazırda çox qənaətbəxş deyil. Dövlət bu sahədə ayrı-ayrı istiqamətlər üzrə kifayət qədər ciddi işlər görüb qanunvericilik bazası formalaşdırsa da, hesab edirəm ki, yenə də qanunvericilik bazasına baxmaq lazımdır. Bildiyiniz kimi, bu sahəyə məsul olan qurum, komitə yaradılıb. Uşaq hüquqlarının müdafiəsi üçün fəaliyyət göstərən qeyri hökumət təşkilatları var. Bu gün Azərbaycanda qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün xüsusi pulsuz müalicə metodları həyata keçirilir. Aztəminatlı ailələrin uşaqlarının sosial rifahının yüksəldilməsi üçün işlək layihələr var. İnternat və uşaq evlərində olan uşaqların vəziyyətinin yaxşılaşması ilə bağlı da çox işlər görülüb. Amma kompleks yanaşanda uşaq müdafiə siyasəti fərdi təşəbbüslərə yox, bir mexanizmə dayanmalıdır.
- Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi istiqamətində bir çox işlər görülüb. Fonddan əlavə bu təşəbbüslərin davamlı həyata keçirilməsi üçün başqa hansı işlər görülə bilər?
Əlbəttə, Heydər Əliyev Fondunun bu sahədə gördüyü həddindən artıq çox işlər var. Amma bu fondun şəxsi təşəbbüsüdür. Davamlı olaraq görülən işlərin həcmini daha da genişləndirmək və mexanizm halına salmaq mütləqdir. Beynəlxalq təşkilatlar UNİCEF və digər aidiyyəti qurumların bu sahədə gördükləri işlər daha çox maarifləndirici xarakterlidir. Sosial xidmət mərkəzlərinin açılmasına, uşaqlarla bağlı əllilliyə yönəlik reabilitasiya mərkəzlərinin genişlənməsinə ehtiyac var.
- Bildiyiniz kimi, uzun müddətdir cəmiyyətimizdə “uşaq pulu” adlı müavinətin ödənilməməsi ilə narazılıqlar var. Bu gün “uşaq pulu”nun tətbiqi uşaqların sosial rifahının yaxşılaşdırılmasına nə qədər təsir edə bilər?
Qeyd etdiyiniz “uşaq pulu”nun yəni uşaqlar üçün müavinətin verilməsi elə bir məbləğ olmalıdır ki, problemlərin həllinə köməklik etmiş olsun. Aztəminatlı ailələr uşaqlarını böyütmək üçün dövlətdən dəstək almalıdır. Müavinətın bərpa edilməsi zamanı bir uşağın normal yaşaması üçün lazım olan hər şey nəzərə alınıb daha sonra ona uyğun məbləğin təyin edilməsi tərəfdarıyam.
- Artıq 9 aylıq tədris ili başa çatmaq üzrədir. SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Hazırda dövlət hesabına təşkil edilən düşərgələrin sayı da məhduddur. Bu sahədə olan boşluqlar necə həllini tapa bilər?
Bildiyiniz kimi, özəl sektorda uşaqların istirahətinin təşkili ilə bağlı sosial məsuliyyət proqramları həyata keçirilir. Hər şeyi dövlətin üstünə atanda bir az bu çətinləşir. Çünki dövlətin prioritetləri var. Bu dəqiqə bu prioritetlərin içində ola bilsin ki, müəyyən məsələlər gözdən qaçsın. Ölkədə fəaliyyət göstərən böyük şirkətlər var. Sual oluna bilər ki, Azərbaycanda, fəaliyyət göstərən bu şirkətlər ölkədə uşaqların istirahətindən tutmuş reabilitasiyalarına qədər hansı işlər görürlər? Təbii ki, bu suala cavabım, görülən işlərin qənaətbəxş sayılmadığı olacaqdır. Ölkədə şəhid və qazi ailələrinin uşaqlarının sosial inkişafı ilə bağlı təşəbbüslər edilir. Elə aztəminatlı ailələrin uşaqları var ki, onların ümumiyyətlə istirahət etmək imkanları yoxdur. Onlar nə doğru qidalanır, nə doğru səhiyyə xidməti görü bilirlər. Hesab edirəm ki, Azərbaycanda özəl sektorun təşəbbüsü güclənməlidir. Xüsusilə qeyri-hökumət təşkilatları bu sahədə fokuslanmalıdır və o təkliflərlə dövlətə konkret mexanizm təqdim edilməlidir.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə dərc olunub.