Sentyabrdan məktəblərdə vahid formalar olacaq - Geyimlərin qiymətləri nə yerdədir?

Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.

Metbuat.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. O bildirib ki, bütün şagirdlər eyni forma geyinməlidir:

"Pedaqoji Şura məktəbli formasının təsvirini seçir. Şura hansı formanı seçirsə, ona uyğun hazırlıq işləri görülməlidir. Qaydalarda açıq qeyd olunub ki, formanı şura seçir. Şura deyə bilər ki, müəyyən səbəblərdən yeni forma istəmirik. Biz də şuranın qərarına hörmətlə yanaşmalıyıq. Hazırda belə məktəblər də var. Məktəbli forması qaydalarda olan normaya uyğun seçilməlidir. Kimsə özündən başqa formada geyim seçə bilməz".

Məktəblərdə yeni formalarla bağlı qərar ötən ilin mart ayında Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdi. Elm və Təhsil Nazirliyi 2022-2023-cü illər üçün formaların məcburi olmamasını bildirsə də, bəzi məktəblərdə vahid forma tələb edilmişdi. Sentyabr ayına qədər istehsal tam bitmədiyi üçün satış yerlərində ciddi narazılıq yaranmışdı.

Bəs bu il də eyni hallar yaşanacaqmı?

Məsələ ilə bağlı Metbuat.az-a danışan "Bakı Tikiş Evi"nin satış müdiri Etibar Əzimov bildirdi ki, hazırda məktəbləri təmin edəcək qədər geyimlər tikilib və istehsala buraxılıb:

"Ötən il qərar gec açıqlandığı üçün qarışıqlıq yaranmışdı. Bu il isə hər şey qaydasındadır. Nə qədər istəsəniz, məktəbli formaları var. Valideynlər məktəblərin başlamasına 5 gün qalmış gələndə sıxlıq olur. Hər kəs istirahətə gedir, məktəbə bir neçə gün qalmış yadlarına düşür ki, forma almalıdırlar. Gəlirlər və sıxlıq yaranır. Həm şəhər, həm də rayonlarda mağazalar açmışıq. Biz ilboyu satışı həyata keçiririk. Valideynlər elə indi gəlib formaları ala bilərlər".

Məktəbli formalarının qiymətlərinə gəlincə, satış müdiri qeyd etdi ki, qiymətlərdə heç bir dəyişiklik gözlənilmir:

"Uzun və qısa qol köynəklər 15 manatdır. Şalvar və ətəklər isə 25 manatdır".

Qeyd edək ki, qərara əsasən, bu geyimlər ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı