Xırdalan şəhəri, Heydər Əliyev prospektində bir neçə yeraltı arxın dəmir qapaqları yerində deyil.
Bu barədə Metbuat.az-ın qaynar xəttinə məlumat daxil olub. Sözügedən yolda yeraltı arxın qapağının olmaması yolda hərəkət edən avtomobillər üçün əsl təhlükədir. Məsələ ilə bağlı Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi qeyd etdi ki, həmin yerlər üçün nəzərdə tutulan dəmir barmaqlıqlar oğurlanıb:
"Xırdalan şəhərinin küçə və prospektlərində yağış sularının idarə olunması, axıdılması məqsədi ilə müvafiq yeraltı arxlar mövcuddur və onlar vaxtaşırı təmizlənilir. Lakin təəssüf hissi ilə bildirməliyik ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqların bir sıra hallarda oğurlanması faktları ilə qarşılaşırıq. Bununla əlaqədər olaraq 2022-ci ilin əvvəlində tərəfimizdən şəhər ərazisində monitorinq keçirilib və çatışmayan 47 ədəd dəmir barmaqlıq tərəfimizdən sifariş edilərək yerinə bərpa olunub. Eyni zamanda baş vermiş oğurluq faktlarının araşdırılması və nəzarətin gücləndirilməsi ilə əlaqədar Xırdalan İcra Nümayəndəliyi tərəfindən müvafiq qurumlara müraciətlər edilib".
O bildirib ki, artıq dəmir barmaqlıqlar sifariş edilib və yaxın 2 gün ərzində yerinə bərpa ediləcək.
Gülər Seymurqızı / Metbuat.az