2019-cu ilədək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 125 faizə çatacaq

2019-cu ilədək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 125 faizə çatacaq
15:06 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Smartfon və planşetlərə artan tələbat mobil rabitə bazarının həcminin artmasına səbəb olur. Bu barədə “iGR” tədqiqat şirkətinin mobil rabitə sahəsi üzrə proqnozunda deyilir.
 
Ekspertlərin qiymətləndirməsinə görə, 2019-cu ildə dünya miqyasında mobil qoşulmaların sayı 2014-cü ildəki 6,9 milyarddan 9,5 milyardadək artacaq. Bununla yanaşı, mobil rabitənin ümumi nüfuzetmə səviyyəsinin 96,4 faizdən 125 faizədək artacağı gözlənilir.
 
Mobil şəbəkələrə qoşulmaların sayının dünya əhalisinin sayını ötməsi faktı onunla izah edilir ki, bəzən abunəçi internetə çıxışı olan bir neçə qurğuya malik olur. Xüsusilə, mobil rabitə abunəçisi smartfon, planşet, mobil çıxış nöqtəsi və avtomobilə quraşdırmaq üçün bir neçə SİM kart alır.
 
Mobil rabitə bazarının artımını həmçinin müxtəlif elektronikanın şəbəkədə qarşılıqlı əlaqəsini nəzərdə tutan “Əşyaların interneti” (Internet of Things, IoT) sahəsi stimullaşdırır. “IoT” sektoru sayəsində internetdə iş üçün hesablanan yeni qurğu və xidmətlər yaranır.
 
Tədqiqatda o da qeyd olunur ki, 2014-2019-cu illərdə dünyanın hər yerində “2G” texnologiyasından “3G”, daha sonra isə “4G” texnologiyasına keçid baş verəcək. Ötən il hər ikinci mobil bağlantı ikinci nəsil şəbəkədə həyata keçirilib. Yaxın beş ildə “3G” lider standart olacaq, “LTE” isə öz iştirakını sürətlə genişləndirə biləcək. 2014-cü ildə “4G” şəbəkəsinin bazar payı 6 faiz təşkil edib.
 
“iGR” əməkdaşlarının sözlərinə görə, hazırda daha çox “LTE” abunəçisi Şimali Amerikada yaşayır, lakin bir neçə ildən sonra əksər regionların “LTE”-ni fəal şəkildə inkişaf etdirməsinə görə vəziyyət dəyişə bilər.
 
Bir müddət əvvəl "Allied Market Research” tədqiqat təşkilatı 2020-ci ilədək “LTE” xidmətləri bazarının həcminin 1 trilyon dollara çatacağı ilə bağlı proqnoz verib. Bunun 40 faizinin istehlakçı maraqlarının dəyişməsi və genişzolaqlı mobil rabitə xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq Asiya-Sakit okean regionunun payına düşəcəyi bildirilib.
 
“Digitimes Research” analitik şirkətinin hesablamalarına görə, 2014-cü ilin yekunları üzrə dünyada “LTE” abunəçilərinin sayı 335 milyon nəfər təşkil edib. Həmçinin vurğulanıb ki, ABŞ-ın “Sprint”, “T-Mobile USA” operatorları və Çinin telekommunikasiya şirkətləri qlobal “LTE” auditoriyasının artımına böyük töhfə verir, - "DailyComm www.dailycomm.ru” yazır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR