Berlində Azərbaycan komandasının şərəfinə ziyafət verilib - FOTO

Azərbaycanın Almaniyadakı səfirliyi Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının şərəfinə ziyafət verib.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, tədbirdə idmançılar, onların məşqçiləri, nümayəndə heyətinin digər üzvləri, habelə Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Ziyafətdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib ki, Azərbaycan komandasının Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında çoxsaylı idmançılarla təmsil olunması çox sevindirici və qürurverici haldır.

O, komandamızın sözügedən idman tədbirində 24 medal qazanmasının ölkəmiz üçün böyük uğur olduğunu vurğulayıb.

Əlavə edib ki, ölkə rəhbərliyinin Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına verdiyi önəm və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin işinə göstərdiyi qayğı nəticəsində bu böyük idman tədbirinin ölkəmizdə nüfuzu ildən-ilə daha da artır, komanda üzvlərinin sıraları durmadan genişlənir.

N.Ağayev 2015-ci ildə ABŞ-ın Los Anceles şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçirilərkən həmin şəhərdə baş konsul vəzifəsində çalışdığını, komandamızın oradakı uğurlarını daim xatırladığını və 8 il sonra bu oyunların məhz Berlində keçirilməsinin çox xoş bir təsadüf olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev ölkəmizin 1991-ci ildən etibarən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak etdiyini, Berlində keçirilən tədbirin ölkəmizin iştirak etdiyi 8-ci tədbir olduğunu bildirib.

O, həmçinin tədbir iştirakçılarını Xüsusi Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılar və uğur qazanılan idman növləri barədə məlumatlandırıb.

Daha sonra səfirlik tərəfindən idmançılara Berlin şəhəri ilə bağlı suvenir-hədiyyələr təqdim olunub.

Tədbir zamanı "Caucasian Consort" qrupu tərəfindən səsləndirilən Azərbaycan və beynəlxalq caz musiqisi nümunələri iştirakçıların zövqünü oxşayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR