Füzuli Dövlət Dram Teatrı mövsümə "Molla Nəsrəddin" tamaşası ilə yekun vurdu

Füzuli Dövlət Dram Teatrı XXXIII mövsümə Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşası ilə yekun vurub.

Metbuat.az xəbər verir ki, tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Aygün Cəfərova, Qəlbinur Əhmədli ifa edir.

Tamaşadan əvvəl mövsüm bağlanışı ilə əlaqədar yekun iclas keçirilib.

İclası teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq öncə bütün kollektivi növbəti mövsüm bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, teatrda bu il Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun Abdulla Elşadlı "Tənhalığın evi", Xaqani Əliyevin "Molla Nəsrəddin", Ələsgər Qurbanov "Tənbəl Əhməd" tamaşaları hazırlanıb və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı” , 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” və bir çox poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub. Teatr 4.4 Qısa Tamaşalar Festivalında, "Milli klassika" festivalında, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb. Eyni zamanda teatrın baş rejissoru, əməkdar artist Asif Şirinov və quruluşçu rejissoru Nicat Mirzəzadəyə prezident mükafatına layiq görülüb.

Teatr Ağdam, Tərtər, Goranboy, Gəncə,Mingəçevir, Xocavənd və s.rayonlarda qastrol səfərində olub. Hər il olduğu kimi bu ildə teatr mütəmadi olaraq hərbi hissələrdə olmuş, müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub.

Teatrın quruluşçu rejissor Nicat Mirzəzadə öz çıxışında yeni mövsümdə görüləcək işlərdən danışıb, kollektivə xoş istirahət arzulayıb.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, teatr növbəti mövsümü N.B.Vəzirovum " Yağışdan çıxdıq, yağmura düşdük" tamaşası ilə açacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı