Türkiyədə 1990-cı illərdən qanunsuz və ya sənədsiz yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə sənədlər təqdim olunub.
Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda rəsmi mərasim baş tutub.
Tədbirdə, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və digər müvafiq qurumların rəsmiləri iştirak edib.
Qeyd edək ki, məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılmış və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti Azərbaycan vətəndaşlarına müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin 27 oktyabr 2023-cü ilin iyul ayınadək 5 səfər həyata keçirib. İşçi qrupu beşinci səfər çərçivəsində hazırda İstanbul şəhərində öz fəaliyyətini davam etdirir.
Həyata keçirilən beş səfər çərçivəsində cəmi 3827 nəfərin müraciəti cavablandırılıb, onlardan 2093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib, 36 nəfər şəxsdən bioloji valideynlik analizi götürülmüş, eləcə də 283 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib, 956 nəfər şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işləri aparılıb.