Zabuxa birinci mərhələdə köçürüləcək sakinlər arasında püşkatma keçirilib - FOTO

Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Tezliklə daimi yaşayış üçün Zabux kəndinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Zabux kəndinə yola salınacaqlar.

Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Zabux kəndində birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi, bundan başqa, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də istifadəyə veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı