Təngnəfəsliyi olan hamilə qadınlar bunu etməlidir - Kardioloq

Ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sırada qalmaqdadır.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova deyib.

Həkim bildirib ki, bunlardan ürəyin işemik xəstəliyi (həmçinin, ürəyin tac damar xəstəliyi – kəskin və xroniki koronar sindrom da adlanır) ürək çatışmazlığının ən çox yayılmış səbəbidir:

"Bu zaman ürək əzələsini qan və oksigenlə təchiz edən tac damarlarının daralması nəticəsində qan axını azalır. Belə halda ürək əzələsi normal fəaliyyət göstərə bilmir. Ürək çatışmazlığı miokard infarktından (ürək tutması) sonra inkişaf edə bilər. Miokard infarktı zamanı zədələnmiş ürək toxumasını çapıq toxuması əvəz edir. Miokard infarktı səbəbindən zədələnmiş və çapıq toxuması ilə əvəzlənmiş ürək əzələsinin sahəsi nə qədər böyük olarsa, ürək fəaliyyəti də bir o qədər zəifləmiş olur".

Həkim bildirib ki, peripartum deyilən kardiomiopatiya (hamiləlik dövründə və ya doğuşdan sonrakı dövrdə (adətən ilk ayda) ürəyin sol mədəciyin nasos fraksiyasının azalması ilə irəliləyən bir ürək çatışmazlığı) xəstəliyi vardır ki, onun vaxtında aşkarlanmaması ciddi ürək çatışmazlığına gətirib çıxarır:

"Alternativ diaqnoz olmadığı halda, xüsusilə hamiləliyin son mərhələlərində və doğuşdan sonrakı ilk beş ayda ürək çatışmazlığı əlamətləri ilə müraciət edən hamilə qadınlarda/analarda nəzərə alınmalı olan diaqnozdur. Bu problemli prosesdə diferensial diaqnoz apararaq digər patologiyaları istisna etmək lazımdır. Bu kontekstdə ciddi təngnəfəsliyi olan hamilə qadın/ana mütləq kardioloqa yönləndirilməli və müayinə olunmalıdır".

Peripartum kardiomiopatiyasının yaranma səbəbləri barədə danışan həkim söyləyib ki, xəstəliyin dəqiq mexanizmi məlum olmasa da, onun etiologiyası ilə bağlı viral miokardit, qida çatışmazlığı, autoimmunitet, hemodinamik stresə patoloji reaksiya, damar disfunksiyaları, hormonal zədələnmələr və genetik meyl də daxil olmaqla müxtəlif fərziyyələr müəyyən edilib.

Ürək çatışmazlığının inkişafına səbəb ola bilən digər amillər barədə danışan həkim bildirib ki, bu gün spirtli içkilərdən xroniki şəkildə sui-istifadə edən insanlarda da belə hala təsadüf edilir ki, buna alkoqol kardiomiopatiyası deyilir:

“Alkoqolun səbəb olduğu kardiotoksiklik ürəyin yığılma funksiyanın itirilməsi və ürək mədəciklərinin genişlənməsi ilə xarakterizə olunan qeyri-işemik dilatasiya olunmuş kardiomiopatiyaya – ürək çatışmazlığına gətirib çıxarır. Qeyd edim ki, xəstəliyin diaqnozu erkən qoyulduğu təqdirdə, eyni zamanda spirtli içkilərin qəbulu dayandırılırsa ürək funksiyasının bərpası mümkündür. Pasientləri həkimə gətirən ən böyük səbəb ilk olaraq xroniki yorğunluqdur. Pasient əvvəl rahatlıqla gördüyü işin öhdəsindən gələ bilmir. Ayaqlarda ödemlər, gecələr yatdıqda boğularaq oyanmalar, adi fiziki hərəkətdə təngnəfəslik, yuxulama, qarında köp, qaz toplanma, bir az yemək yeyən kimi ürəkdöyünmənin artması müşahidə ediləcək.

Yarana bilən simptomlar ürək çatışmazlığının növündən də asılıdır. Sol tərəfli ürək çatışmazlığı təngnəfəslik əmələ gətirə bilər. Adətən təngnəfəslik xəstə özünü həddindən artıq yoranda (məsələn, yüksəkliyə, ya da pilləkənlə qalxanda, sürətlə yeriyəndə) və ya çarpayıda uzananda daha da artır. Nəfəs çatışmazlığı öskürəklə müşayiət oluna bilər.

Sağ tərəfli ürək çatışmazlığının əsas simptomu isə topuqların və ayaqların şişkin olmasıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı