Məcburi köçkün yataqxanaları bu şəxslərə verilə bilər

Yaxın 10 ildə paytaxt Bakıda sökülən köhnə binaların sayı artdıqca və onların yerində yeni binalar tikildikcə ucuz kirayə mənzil tapmaq çətinləşəcək.

Metbuat.az “Ölkə.Az”a istinadən bildirir ki, bunu açıqlamasında əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, tələbələrin kirayə mənzillə bağlı problemləri daha da ciddiləşəcək:

“Bir zamanlar Bakının bir sıra yerində ali təhsil müəssisələrinin yataqxanaları vardı. Lakin Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin bir hissəsi həmin yataqxanalara sığındılar. Onların böyük əksəriyyəti dövlət tərəfindən evlə təmin olundu. Həmçinin işğal altında olan torpaqlarımız azad olundu ki, orada da tikinti-bərpa işləri aparılır və məcburi köçkünlər mərhələli şəkildə öz yurd-yuvalarına köçürülür”.

Ekspertin sözlərinə görə, həmin yataqxanalar artıq yaşayış üçün yararlı deyil və oraya tələbələrin yerləşdirilməsi mümkün deyil: “Lakin onların hər birinin böyük həyətyanı sahələri var. Düşünürəm ki, həmin torpaq sahələrində yeni, müasir tipli və hündür mərtəbəli tələbə yataqxanaları inşa olunarsa, tələbələrin böyük hissəsinin ev problemi həll olmuş olar. Məsələn, tələbələr 15 mərtəbəli yataqxanalara köçürülərsə, onların bir qismi bahalı kirayə mənzil problemindən yaxa qurtarar.

E. Fərzəliyev yataqxanaların bütün dünyada ödənişli olduğunu deyib: “Tələbələr minimal ödənişlə həmin yataqxanalarda kirayə qalarlarsa, bu, 4-5 il ərzində yataqxanaların tikintisinə yatırılmış sərmayənin geri dönməsinə səbəb ola bilər”.

“Hər il minlərlə tələbə bölgələrdən Bakıya üz tutur. Bu da minlərlə mənzilin sırf tələbələr tərəfindən kirayələnməsi deməkdir. Bu addım atılarsa, nəinki tələbələr, həmçinin paytaxt sakinləri və bölgələrdən paytaxta üz tutan vətəndaşlar kirayə mənzil tapmaqda çətinlik çəkməzlər. Problem həllini taparsa, kirayə mənzil bazarında da qiymətlərdə enmələr olar”, - deyə ekspert əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı