Azyaşlı qızla tanış olmaq istəyən evli kişi həbs edildi

Naxçıvan MR Şərur rayonunda azyaşlı qıza qarşı xuliqanlıq etmiş şəxs həbs edilib.

Metbuat.az xəbər verir ki, evli və 2 uşaq atası olan 1997-ci il təvəllüdlü İ.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs protokolla birgə Şərur Rayon Məhkəməsinə göndərilib.

Məlum olub ki, İ.Məmmədov rayonun kəndlərindən birində alış-veriş etdiyi mağazanın yaxınlığında yaşayan azyaşlı Ş.Səmədova (şərti) ilə tanış olmaq istəyib və kağıza nömrəsini yazaraq onun qarşısına atıb. Lakin qız bu barədə atasına bildirib.

Saxlanılan şəxs ifadəsində bunları deyib: “Sədərəkdə işlədiyim yerdən çıxıb evə qayıdanda təxminən 19:30-dan radələrində kənddə ərzaq mağazasına daxil oldum. Mağazadan çıxan zaman həmkəndlim Ş.Səmədovanı gördüm. Mobil telefon nömrəmi kağıza yazıb qızın yaşadığı evin qabağına atdım. Maşına minib oradan uzaqlaşdım və avtomobilin güzgüsündən baxan zaman qızın həmin kağızı götürüb oxuduğunu gördüm. Bundan sonra qızın atası mənə zəng vurub məni kəndin girişindəki kanalın yanına çağırdı. Oraya gedib çatanda həmin şəxslə qardaşının məni gözlədiyini gördüm. Atası etdiyim hərəkətlərə gör hirslənib nalayiq ifadələr işlətdi. Həmin şəxslərin məni döyəcəyini düşünüb oradan uzaqlaşdım. Bir qədər sonra isə Şərur Rayon Polis Şöbəsinin əməkdaşları məni idarəyə dəvət etdilər”.

Psixoloqun iştirakı ilə ifadə verən azyaşlı qız İ.Məmmədovun ona iki dəfə yaxınlaşdığını deyib: “Həmin gün saat 19:30 radələrində evin önündə dayandığım zaman həmkəndlimiz İ.Məmmədov yaxınlaşaraq əlindəki kağızı mənə verdi, “bunu götür, zəng vurarsan” dedi. Kağızı götürüb içinə baxan zaman telefon nömrəsinin yazılı olduğunu görüb cırıb atdım. Növbəti gün yenə qapımızın qarşısında olan zaman İ.Məmmədov yaxınlaşıb, “niyə zəng vurmadın?” soruşdu. Ona cavabında “atama deyəcəyəm”, söylədim”.

Şərur Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədova 10 sutka inzibati həbs cəzası təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı