Azərbaycan səhiyyəsində yeni texnologiyalar tətbiq ediləcək - Rüfət Hacıəlibəyov

Azərbaycanda səhiyyə sahəsinin rəqəmsallaşması tədricən genişləndirilərək, vətəndaşlara və bu sahənin işçilərinə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni texnologiyalar tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib. O qeyd edib ki, səhiyyənin rəqəmsallaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir və Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub. Bu məqsədlə dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq “Səhiyyə Transformasiya Mərkəzi” işçi qrupu yaradılıb. Eyni zamanda, “Rəqəmsal səhiyyəyə baxış” və “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” sənədləri hazırlanıb. Səhiyyənin rəqəmsallaşdırılması sayəsində həyata keçirilən bir sıra təşəbbüslərə baxmayaraq, bu sahədə xəstəliklərin diaqnostikası və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi informasiya-kommunikasiya texnologiyaların geniş tətbiqinə və spektrinin artırılmasına tələbatı daha da gücləndirir.

"Səhiyyənin rəqəmsallaşdırılması strategiyası vahid platforma üzərindən qərarların qəbulu prosesində mərkəzələşdirilmiş informasiya məkanına məlumatların daxil edilməsi nəticəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını təmin edən fundamental texnoloji yanaşmadır. Bu platformanın əsasını vətəndaşın elektron profili təşkil edir. Elektron profildə səhiyyə işçiləri üçün real vaxt rejimində əlçatan olan insanların bütün həyat dövrünü əhatə edən məlumatlar cəmləşdirilir. Bu, vətəndaşların sağlamlığının cari vəziyyəti haqqında informasiyaların toplanması, sonrakı təhlili, o cümlədən retrospektiv göstəricilər üçün əsas vasitədir. Bu da xəstəliklərin tarixinin daha mükəmməl təhlili, onların dəqiq diaqnozu, eləcə də tətbiq olunan müalicə üsullarının təkmilləşdirilməsi üçün mühüm rol oynayacaq. Bu məlumatlar həm də ölkə üzrə vətəndaşların çoxşaxəli sağlamlıq təhlili, qərarların dəstəklənməsi və real vaxt rejimində sahənin strateji planlaşdırılması üçün əsas olacaq", - deyə nazirin müşaviri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı