Nikol Paşinyan Ermənistanın Putinin həbsini nəzərdə tutan “Roma statutu”nun ratifikasiyası prosesindən də danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, İctimai Televiziyaya müsahibəsində bildirib ki, bu prosesin Ermənistan-Rusiya münasibətlərinə qətiyyən aidiyyəti yoxdur. Paşinyan Ermənistanın “Roma statutu”nun ratifikasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin 2022-ci ilin sentyabr və 2021-ci ilin may hadisələrinin araşdırılması istəyi ilə əsaslandırıb:
"Təəssüf ki, Rusiya və Haaqa Cinayət Məhkəməsi kontekstində ratifikasiya prosesi pis vaxta təsadüf etdi. Bu proses heç də Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil, bu, sərhəddəki gərginliklə bağlıdır”.
Xatırladaq ki, bu il martın 17-də Haaqa Məhkəməsi Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi “Roma statutu”nun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 1-də bu sənəd ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib. Qaydaya görə “Roma statutu”nu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.