Xalq artisti Əlixan Səmədov ilə görüş olub - FOTO

Sentyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış balaban ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Əlixan Səmədov ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər keçirilir. Bildirilib ki, ictimai, mədəni və sosial layihələrin hazırlanması, işlənməsi istiqamətində yaradıcı gənclərin iştirakçılıq potensialının artırılması baxımından “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən tədbirlər olduqca unikal və bu sahədə müxtəlif vəzifələrin icrasına müvafiq şəraiti yaradacaq amilə çevirilib. Ölkəmizdə yaradıcı mədəniyyət sənayesinin inkişafının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından söhbət açan Şahin Rəhmanlı hal-hazırda bu istiqamətdə görülən irimiqyaslı layihələrdən, ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısından, beynəlxalq mədəniyyət tədbirlərinin ölkəmizdə təşkilinin əhəmiyyətindən danışıb.

Daha sonra xalq artisti Əlixan Səmədov geniş təqdimatla çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin zəngin Azərbaycan tarixinin, musiqi mədəniyyətinin inkişafında rolundan, ölkə gənclərinin mədəni maarifləndirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Görüş müddətində peşəkar musiqi mədəniyyətimizin təbliği, sağlam musiqi zövqünün formalaşmasında vətəndaşlarımızın mövqeyi, yaradıcı təşəbbüskarlıq məsələləri geniş müzakirə olunub.

Tədbir “Ümummilli Lider Heydər Əliyevin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai-siyasi fəaliyyəti”, “Balaban alətinin dünya ictimaiyyətinə təbliğində gənclərin rolu” və “Təhsildə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin kontekstində milli ifaçılıq üslubu ənənələrinə baxış” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində xalq artisti Əlixan Səmədovun ifasında sevilən “Sən gəlməz oldun”, “Sarı gəlin” və müxtəlif musiqi nümunələri səsləndirilib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR