Bu gün UEFA Avropa Liqasının İnstaqramdakı rəsmi səhifəsi “Qarabağ”la bağlı diqqətçəkən paylaşım edib.
Metbuat.az "Qol.az"a istinadən xəbər verir ki, səhifədə “Qarabağ”ın bir neçə futbolçusunun sevinən yerdə çəkilən şəkilləri paylaşılıb. Şəkillər ingilis dilində “fcqarabag celebrations” (“Qarabağ”da bayram) sözləri ilə paylaşılıb.
Bu paylaşımın həmin sözlərlə məhz indi, bu gün nəyə görə paylaşıldığı maraq doğurub. Bunun hər hansı idman tədbiri və ya fərdi şəxslə əlaqəsi yoxdur. Çünki “Qarabağ” bu gün heç bir oyun keçirməyib, şəkli paylaşılan futbolçuların da ad günü bu günə təsadüf etmir. Komanda hazırda sabah “Mölde” (Norveç) ilə keçiriləcək Avroliqa oyununa hazırlaşır.
Amma bu gün Azərbaycan xalqı üçün tarixi hadisə baş verib. “Qarabağ” Futbol Klubunun adını daşıyan bölgədəki erməni separatçıları məhz bu gün Azərbaycan dövlətinin tələbləri qarşısında təslim olublar… Həmin hadisədən bir neçə saat sonra isə UEFA Avropa Liqası səhifəsi bu paylaşımı edib.
Bu mənada, UEFA-nın təbrikə bənzər paylaşımı bu hadisəyə görə edib-etmədiyi sual yaratmaya bilməz.