Ceyhun Bayramov Cəlil Abbas Cilani ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Cəlil Abbas Cilani ilə görüşüb.

Bu barədə Metbuat.az-a Azərabaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini vurğulayıb.

Nazir, Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib.

Bölgədə həyata keçirilmiş antiterror tədbirinin əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal antiterror tədbirinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib. Azərbaycanın mülki əhalini və obyektləri deyil, yalnız qeyri-qanuni erməni silahlı birləşmələrini hədəf aldığı vurğulanıb.

Müqabil tərəf, hər zaman olduğu kimi, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırıb.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı