Mədəniyyət Nazirliyi Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi

Mədəniyyət Nazirliyi Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, başsağlığıda deyilir:

“Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında vəfat edib.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib. 20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin və yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2012–2015-ci illərdə “Odlar Yurdu” Universitetində Siyasi elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.

Qənirə Paşayeva üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Qənirə Paşayevanın vəfatından kədərlənir, ölkəmizin mədəniyyət ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı