Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir

"Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir".

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir: "Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”.

H.Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma məsələ ilə bağlı bəyanatını şərh edərkən “etnik təmizləmə” ifadəsi istifadə etməsi ittihamını “təhqir” adlandırıb: “Təəssüf ki, dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur”.

Prezidentin höməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib: “Lakin insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edəcək və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı