Bakı, 4 iyun, Fərhad Vahid-zadə, AZƏRTAC
Azərbaycanda yeni tikilən üzən qazma qurğusu “Abşeron” yatağında qazma işlərini həyata keçirmək üçün Fransanın “Total” şirkətinin istifadəsinə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə jurnalistlərə müsahibəsində deyib. “Biz yeni üzən qazma qurğusunu Abşeron yatağında istifadə etmək üçün “Total” şirkətinə verməyi qərarlaşdırmışıq. Üzən qazma qurğusu 2017-ci ilin birinci rübündə hazır olacaq, “Abşeron” yatağında qazma işlərinə isə 2018-ci ilin əvvəllərində başlanacaq. Abşeron yatağından qazın hasilatı təxminən 2021-ci ilə təsadüf edəcək”, - deyə SOCAR-ın birinci vitse-prezidenti qeyd edib.