Cəmiyyətimiz Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir? - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Mərkəzdən Metbuat.az-a verilən xəbərə görə, respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edilib. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib

Respondentlərin 18,3%-i əks mövqedən çıxış edərək sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib. 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin müxtəlif demoqrafik göstəricilər üzrə təhlilində maraqlı məqamlar müəyyən edilib. Nəticələrin gender aspektdən təhlilinə əsasən, kişilərin 85,1%-i və qadınların 76,7%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyiblər.

Həmçinin təhsil və yaş səviyyələri artdıqca sülh müqaviləsinin imzalanmasını dəstəkləyənlərin sayı da artıb.

Nəzərə çatdıraq ki, Sosial Tədqiqatlar Mərkəzinin sözügedən istiqamətdə 2022-ci ildə və cari ilin müxtəlif dövrləri üzrə keçirdiyi rəy sorğularında da analoji dinamika izlənilməklə sülh müqaviləsinin imzalanmasına yüksək ictimai dəstək ifadə edilib.

Bununla yanaşı, ötən ay keçirilmiş sorğular zamanı yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamını ifadə edənlər ümumilikdə 53,1% təşkil edərkən, oktyabr ayı üzrə sorğularda sülhün əldə olunacağına ictimai inam yüksələrək 66,7%-ə bərabər olub.

Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 5–9 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan olmaqla 12 iqtisadi rayon əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı