Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Metbuat.az xəbər verir ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 93 nəfərin köçü başlayıb.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Qeyd edək ki, noyabrın 20-də Zabuxa daha 25 ailə - 91 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR