Bakıda SPECA həftəsi: "Türk Dövlətləri Birliyi gələcəyin iqtisadi qurumuna çevrilə bilər"

Xəbər verdiyimiz kimi, 20-24 noyabrda Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçiriləcək.

SPECA həftəsi çərçivəsində baş tutacaq sahəvi İşçi Qruplarının iclasları, SPECA 2023 İqtisadi Forumu və SPECA Rəhbər Şurasının 18-ci sessiyasında iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə ediləcək.

SPECA barədə Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, region və ətrafında əməkdaşlığın gücləndirilməsinə və dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək məqsədilə yaradılan bu proqram çərçivəsində təkcə Mərkəzi Asiya ölkələri bir-biri ilə deyil, eyni zamanda subregional əməkdaşlıq edirlər:

“Azərbaycanın da burada yer alması təbii bir haldır. Ölkəmiz bura daxil olan ölkələrə həm ayrı ayrılıqda, həm də komanda şəklində ikitərəfli münasibətlərdə də çox yüksək nəticələrə sahib olmuşdur. Xatırladım ki, Mərkəzi Asiya ölkələrinin təşkilatlarına Azərbaycan prezidenti bu il dəvət almışdır. Həmin təşkilatda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan yer alırdı. Bildiyiniz kimi, Azərbaycan burada təmsil olunan Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Türk Dövlətləri Birliyində də birgə əməkdaşlıq edir. Düşünürəm ki, Türk Dövlətləri Birliyi gələcəyin iqtisadi qurumuna çevrilə bilər”.

Azərbaycanın həm Mərkəzi Asiya ölkələrinin öz təşkilatı, həm SPECA, həm də Türk Dövlətləri Birliyində yüksək səviyyədə təmsilçiliyinin olduğunu vurğulayan ekspert bildirdi ki, əldə etdiyimiz bütün nailiyyətlər ölkəmizin bütün formatların mərkəzində qərarlaşmasına imkan verir:

“Azərbaycanın bu ölkələrlə ikitərəfli ticarət dövriyyələri də kifayət qədər yuxarı səviyyədədir. Bildirim ki, son 30 il ərzində ölkə iqtisadiyyatına 300 milyard dollardan çox vəsait yatırılıb. Bu vəsaitin 200 milyard dollara qədəri qeyri-neft sektorunun payına düşür. Bəzi ölkələr də var ki, ora Azərbaycan ciddi həcmdə investisiya yatırıb. Təkcə, Türkiyəyə 20 milyard dollardan artıq investisiya qoyulub. Son üç il ərzində isə Azərbaycanın bu dövlətlərlə iqtisadi münasibətləri kəskin şəkildə artıb. Hesab edirəm ki, qarşıdakı potensial layihələrin icrası nəticəsində bu rəqəmlərin artacağı şübhə doğurmamalıdır”.

Məlumat üçün bildirək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998- ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı