Azərbaycanda bu məhsul bahalaşacaq - Ekspert

“Qarşıdakı günlərdə düyü qiymətlərində artımı hiss edəcəyik. Düyü ixracının 40 faizinə sahib Hindistanda hasilatın azalması Azərbaycan bazarına da təsir edəcək”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Ekspert bildirdi ki, yolda olan mallar, yeni sifariş,müqavilə qiymətləri, anbar, mağaza qalıqları yeniləndikcə, bahalaşmış məhsullar ölkəmizə gəldikcə biz mağazalarda da düyü qiymətlərinin artdığını müşahidə edəcəyik:


“2023-cü ilin oktyabr ayında dünyada düyü qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə iki faiz aşağı oldu. Hindistanda düyü qiymətlərinin daxili bazarda bahalaşması, hökümətin seçki qabağı öz bazarını qorumaq üçün dünyaya düyü idxalını aşağı salması qiymətlərə, bazarlara təsir etdi. Daha bir səbəb isə Hindistanda bu il baş verən anomal hava şəraiti idi”.

2022-2023-cü il mövsümündə Hindistan dünya bazarına 21,5 milyon ton həcmində düyü ixrac etdiyini vurğulayan Xalid Kərimlibildirdi ki, dünyanın 140 ölkəsinə reallaşdırılan bu ixracdan 10 milyard dollara yaxın gəlir əldə olunub:

“Ötən ilin sentyabrında Hindistan hökuməti qeyri-basmati düyüsünün ixracına 20 faiz əlavə rüsüm tətbiq etmişdi. Məqsəd ixracın azalmasına, ölkədə qiymətlərin sürətli artımının qarşısının alınmasına nail olmaq idi. Cari ilin aprel-iyun ayında Hindistandan təmizlənmiş düyü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox olub. Əlavə rüsumun tətbiqi nəticəsində dünyada düyü qiymətlərində iyun-sentyabr aylarında qiymətlərin bahalaşdı. Bir müddət öncə də Hindistan hökuməti düyünün təmizlənmiş sortlarının ixracına qadağa qoymuşdu”.

Xatırladaq ki, Azərbaycana yanvar-sentyabr aylarında 41 milyon 71,16 min dollar dəyərində 45 min 645,57 ton düyü idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib. Bahalaşan məhsullar sırasında düyü də var.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı