Yerli sahibkarlar onlayn ticarətə qarşı "uduzur" - Çıxış yolu nədir?

Son illərdə Azərbaycanda elektron ticarətin dövriyyəsi xeyli böyüyüb. Statistikaya əsasən 2018-ci ildə elektron ticarətin həcmi 1,67 milyard manat olduğu halda, 2020-ci ildə 4,14 milyard manata, 2022-ci ildə 18,52 milyard manata yüksəlib.

Metbuat.az statistikaya əsasən bildirir ki, 2023-cü ilin ilk 7 ayın məlumatına əsasən, ticarət dövriyyəsinin həcmi 19,07 milyard manata çatıb ki, bu da ötən ilin 12 aylıq nəticəsindən də çoxdur. Bu ilin hər bir ayında elektron ticarət dövriyyəsi 2 milyard manatdan çox olub. İyulda bu rəqəm 3,58 milyard manat təşkil edib. Rəqəmlərdən də aydın olduğu kimi ölkəmizdə elektron ticarətə maraq günü-gündən artmaqdadır.

Cari ilin iyun ayında Azərbaycanla müqavilə imzalanyan “Trendyol” platforması ölkəmiz üçün aktivləşəndən sonra ölkədə onlayn alış-veriş edənlərin sayı daha da çoxaldı.

Vəziyyət o həddə çatdı ki, paytaxtda fəaliyyət göstərən bir çox geyim mağazası sürətli müştəri qıtlığından əziyyət çəkməyə başladı. Çıxış yolunu bağlanmaqda görən bu mağazaların sahibkarları onlayn satış imkanlarının azaldılması üçün müraciətlər etməyə başladılar.

Bu sahədə olan mövcud problemlərə toxunan marketoloq Nicat Manafov hesab edir ki, yerli sahibkarlıq subyektlərinin yetəri qədər investisiya yatıra bilməməsi ölkə daxilində sahibkarların mövqeyinə mənfi təsir edir:


“Təəssüf ki, ölkəmizdə elektron ticarət daha çox idxal yönündə inkişaf edir. Yəni daha çox xarici internet mağazalarının ölkəmizdə satışın artırılması tendensiyası izlənilir. Bu hadisə Azərbaycanda elektron ticarətin inkişafında üçün müsbət hal olsa da, amma sahibkarlıq, ölkədaxili infrastruktur, iqtisadiyyatın mövqeyinə çox mənfi təsir edir. Hazırda xarici internet mağazaları Azərbaycanda elektron ticarət satışlarını artırdıqları halda, yerli sahibkarlıq sahəsi kiçilə-kiçilə gedir. Hətta biz yeni bir tendensiya izləyir. Artıq bir çox yerli sahibkar Azərbaycandakı mağazalara bağlayıb Türkiyədə mağaza açaraq oradan təkrar Azərbaycana satış edirlər. Bunun da müəyyən səbəbləri var. Çıxış yolu kimi gömrük limitinin azaldılması ilə bağlı səslənən fikirlərə əsasən deyim ki, bunun inkişaf anlamında hər hansı bir təsiri olacağı fikirlərinə qatılmıram”.

Vəziyyətdən çıxış yolu barədə danışan marketoloq Metbuat.az-a bildirdi ki, yaxşı olardı ki, yerli sahibkarlıq subyektləri elektron imkanlar baxımından dəstəklənsin:

“Yerli sahibkarlara vergi və gömrük güzəştləri ilə bağlı dəstək verilərsə bu, onlar üçün stimul ola bilər. Əks halda proses uzunmüddət belə davam etdirə bilməyəcəkdir. Hələki Azərbaycanda xarici elektron ticarət saytlarının inkişafı üçün satış mühiti var və yaradılmaqda davam etdirilir. Amma yerli sahibkarlar üçün bu addım hələ də atılmayıb. Hesab edirəm ki, yeni ildən dövlət tərəfindən bu sahəyə - yerli sahibkarlığın qorunması istiqamətində müdaxilə olunacaq. Bununla da elektron ticarətin inkişafına nail ola bilərik”.

Mövzuya münasibət bildirən iqtisadçı Elman Sadıqov deyir ki, ticarət düşüncəsindən istehsal-emal və xidmət sektorunun inkişafı düşüncəsinə keçməliyik:


“Texnologiyaların da sürətli inkişafı fonunda kiçilən dünyada ticarət dövrü artıq geridə qalmaqdadır. Aylıq limit cəmi 300 ABŞ dollarıdır ki, bu da daha çox aztəminatlı şəxs və ailələrə xidmət edir. Daha bahalı və istehlakı zəruri olmayan məhsullar isə yenə də mağazalardan alınır. Digər tərəfdən ərzaq ticarətinə də təsiri demək olar ki, yox səviyyəsindədir.

Burada əsas amil əhalinin rifahı, qazanclarını daha səmərəli xərcləmələri, daha aşağı istehlak qiymətləri nəticəsində digər xərclərə, dərmanlara və ya daxili turizm, əyləncə, kafe və restoranlardan istifadəyə nisbətən daha çox vəsait qalma imkanlarının artmasıdır. Nəticədə sadalanan sektorlar qazanır və vergi ödəyir. Onlayn ticarətdə karqo şirkətləri qazanır və vergi ödəyirlər. Mağazalar vasitəsilə gətirilən və daha baha istehlak olunan məhsul üçün iqtisadi dəyər itkisi həmin məhsulun gətirilməsi üçün ödənilən gömrük və vergi rüsumlarını üstələyir.

Hesab edirəm ki, bu şəraitdə gömrük istehsal və emalla məşğul olan sahibkarları qorumalıdır. Ticarətdə isə əksinə. Ölkə daxilində istehsal olunmayan məhsulların sərbəst ticarəti dəstəklənir. Ölkə daxilində istehsal olunub daxili təlabatı ödəməyən məhsullar üçün isə kvota rejimi tətbiq oluna bilər. Qısası, mövcud vəziyyətdə ən ideal çıxış yolu istehsalın genişləndirməsi və bir çox məsələlərə yanaşma tərzinin dəyişməsidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR