Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb.

ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib.

Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib.

Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara toxunmasınlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı