“Uğurlu startap üçün əsas şərt investorların olmasıdır” - 22 yaşlı gənc iş adamı

İlk dəfə 1973-cü ilin avqustunda Forbes və 1977-ci ilin sentyabrında “Business Week” jurnallarında istifadə edilən startap terminin konsepsiyası 90-cı illərdə daha da möhkəmləndi.

Statisikaya əsasən deyə bilərik ki, startapların əməliyyat tarixi qısa olur. Bu müddət ərzində onlar ya uğurlu şirkətlərə çevrilir, ya da uğursuzluqla üzləşib müflis olurlar.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin son məlumatına əsasən hazırda Azərbaycanda 100 startap var. Agentliyin sədri İnarə Vəliyevanın açıqlamasına görə, bu startaplar real məhsul istehsal edir. O bildirib ki, Azərbaycanda 4 startap akselerasiya mərkəzi, 1 vençur fond, 9 biznes “Mələk fondu” və 8 universitetdə startap mərkəzi fəaliyyət göstərir.

Azərbaycanda startap yaratmağın çətinlikləri, bu sahədə dəstək və inkişaf barədə Metbuat.az ”Deirvlon Technologies” şirkətinin qurusu Kamran Qasımov ilə müsahibə aparıb.

Gənc iş adamı bildirdi ki, Azərbaycan kimi kiçik bir ölkədə dəyəri bir milyard dolları keçmiş “unicorn” startaplar qurmaq çətin bir prosesdir. Bu sahənin sirrləri barədə danışan ekspert qeyd etdi ki, uğurlu startap üçün əsas şərt investorların olmasıdır:

“Bizim ölkədə hələ də startaplara investisya mədəniyyəti tam formalaşmayıb. Buna baxmayaraq son illərdə bu tendensiya dəyişməkdədir. Bunun əsas səbəblərindən biri də hər hansı rol modelin olmamasıdır. İnvestorlar daha çox risksiz gördükləri ənənəvi biznes modellərinə investisya edir. Düşünürəm ki, əgər Azərbaycandan ən azı bir “unicorn” çıxsa, startaplara olan baxış investorlar tərəfindən tamamilə dəyişəcək”.

Kamran Qasımov deyir ki, startap sahəsində çatışmayan digər məsələ istedadla bağlıdır. Müsahibimiz eyni zamanda “Monyo.az” şirkətinin qurucusudur. Bu barədə bir çox məsələlərə toxunan Kamran Qasımov deyir ki, maddi problemlər səbəbindən ideyaları reallaşdırmaq arzusu çətinləşir:

“İnvestisyaların olmaması ideyalarımı reallaşdırmaq üçün maddi baza yaratmağa vadar edib. Buna ən bariz nümunə olaraq ”Deirvlon Technologies” şirkətinin daxilində “Monyo.az”-ın yaranmasını göstərə bilərəm.

Əlbəttə, Azərbaycandakı startap mədəniyyətinin inkişaf etməsinə kömək edəcək daha çox rol model və mentorların olması arzuolunandır. Hər bir çətinlik bir imkan kimi də qiymətləndirilə bilər. Ölkədəki startap ekosistemi inkişaf etdikcə, bu məsələlər də həll olunacaq. Uğurlu olmuş startaplardan öyrənərək və öz təcrübələrimizi başqaları ilə paylaşaraq Azərbaycanı startap sahəsində daha da irəliyə apara bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı