Turizm Agentliyi 150 nəfərə 3 ton araq sifariş verib? - AÇIQLAMA

Bir neçə gün öncə Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimatı” adlı tədbir keçirəcəyi ilə bağlı məlumat verib. 150 nəfərin iştirakı nəzərdə tutulan tədbirin sifarşlərinin cədvəli sosial şəbəkələrdə müzakirə yaradıb.

İzləyicilərin cədvəldə birmənalı qarşılamadığı əsas detal tədbirdə qonaqlara təqdim olunacaq arağın miqdarıdır. Belə ki, açıq tender məlumatlarındakı sözügedən cədvəldə ərik arağının miqdarı 3.000 litr göstərilib.

1000 litr 1 tona bərabər olduğundan, 3000 litrin 3 ton etdiyi, bu qədər arağın isə 150 qonağın istifadəsi üçün mümkünsüz olduğu qeyd edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ haqda Dövlət Turizm Agentliyi açıqlama yayaraq tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib, bunu süni ajiotaj və yanlış anlaşılma adlandırıb. Amma açıqlamada rəqəmlərin təhrif edilib-edilmədiyi bəyan edilmədiyi üçün həmin məlumat da müəyyən suallar doğurub: “Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”.

Agentliyin yaydığı açıqlamada bəzi anlaşılmayan məqamlar olduğu üçün yenidən quruma sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, ümumilikdə cədvəldəki məhsulların miqdarının göstərilməsində texniki olaraq səhvlərə yol verilib: “Cədvəldə 3.000 yazılıb, yəni 3 litr. Məsələn, hər hansı məhsuldan 400 kq yazılıb, əslində isə 0.4 kq olmalıdır. 150 nəfərlik tədbir üçün başa düşülən miqdarlarda - "tonlarla" və ya "yüz kiloqramlarla" məhsulun satın alınması, əlbəttə ki, heç bir məntiqə sığmır və məsələdə texniki bir səhvin olması aydın görünür”.

Agentlikdən bildirilib ki, gün ərzində bu haqda yeni siyahı ilə məlumat paylaşılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR