"İlk dəfə rastlaşanda dedi ki..." - Aygün Bəyləri müğənniliyə gətirən bəstəkar

"Ən böyük müğənnilərimizdən birini itirdik. Birdə bu cür səs nə vaxt gələr, bilinmir, nadir hallarda olur belə səs. O səs boyda da istedadı var idi".

Bu sözləri Metbuat.az-a Aygün Bəylərin vəfatı ilə bağlı danışan tanınmış bəstəkar Cavanşir Quliyev deyib. O qeyd edib ki, Əməkdar artistlə ilk dəfə 1993-cü ildə tanış olublar:

"O zaman o, məktəblilər flarmoniyasının ansamblında nağarada ifa edirdi. Təsadüfən, Bakıda yağışlı bir gündə tanış olduq. Mənə dedi ki, oxumaq istəyir, amma onu ansamblda oxumağa qoymurlar, deyirlər otur, nağaranı çal. Dedim ki, qızım, oxumağı istəmək gözəl hissdir, amma baxmalıyam, görüm sən oxuya bilərsən?

Mən oxumaq istəyənləri həmişə “Qaragilə” mahnısı ilə yoxlayıram. Aygün gəldi, sözlərini yazdım verdim ki, oxu. Bu mahnını elə oxudu ki, mat qaldım. Dedim sən bu nağaranı burax, gəl işləyək. Başladı gəlib-getməyə studiyaya. Onun üçün Nahid Hacızadənin sözlərinə olan “Dağlar” mahnısını hazırladım. "AzTV" vətənpərvərlik mövzusunda müsabiqə elan etmişdi, ora getdik və qalib gəldik. O video mənim arxivimdə var, bu gün də sosial mediada paylaşdım.

Sonra Aygün mənə dedi ki, məni yerlilərim restoranda oxumaq üçün dəvət edirlər, dedim get, amma səs tellərini çox məcbur etmə, səsin korlanar. Ondan sonra onu daha böyük restorana dəvət etdilər və bununla da müğənnilik həyatı başladı. Mən isə xaricə getdim və 20 il ölkədə olmadım, 2 il öncə qayıtdım və Aygünlə 6-7 mahnı yazdıq. Planlarımız var idi, fələk qoymadı, Aygün uçub getdi...”

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı